Bu gün qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələsinin püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15.00-da başlayacaq. Mərasimdə Azərbaycan millisinin də rəqibi müəyyənləşəcək.
Bu raundda ümumilikdə 28 komanda final mərhələsinə son 7 vəsiqə uğrunda mübarizə aparacaq.
Əvvəlcə 28 komanda 14 cütlük təşkil edəcək. Ardınca isə qalib yığmalar Avropa çempionatına son 7 vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Azərbaycan millisi püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Yığmanın potensial rəqibləri Portuqaliya, Şotlandiya, Uels, Serbiya, Ukrayna və Şimali İrlandiya kollektivləridir.
Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektivin yer aldığı cütün ikinci mərhələdəki mümkün rəqibləri də bu gün məlum olacaq.
Qeyd edək ki, qadınlar arasında Avropa çempionatı 2025-ci il iyulun 2-dən 27-dək 16 ölkə yığmasının iştirakı ilə İsveçrədə keçiriləcək.