O, Parisə ən yüksək pilləni də qazanmaq üçün gedəcək
Dünyanın ən böyük idman hadisəsi – Yay Olimpiya Oyunlarının açılışına 15 gün qaldı. İyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək olimpiadada ölkəmizi 15 idman növü üzrə 17 proqramda 48 idmançı təmsil edəcək. Ötən olimpiadalarda olduğu kimi, budəfəki mötəbər Oyunlarda da komandamızın heyətində güclü idmançılar yer alıb və onların hər biri medal qazanmağa iddialıdır.
Paris Olimpiadasında medal ümidlərimizdən biri də, cüdo üzrə dünya Olimpiya reytinqinin lideri Hidayət Heydərovdur.
Hidayət Heydərov 1997-ci ildə Qazaxıstan Respublikasının Karaqanda şəhərində dünyaya göz açıb. Əslən Göyçayın Alxasava kəndindəndir. 3 yaşında olarkən ailəsi Bakıya köçüb. 6 yaşda ikən Tərlan Həsənovun rəhbərliyi altında ilk məşqlərinə başlayıb.
Əzmkarlığı ilə diqqət çəkən Hidayət Heydərov kişilər arasında ilk böyük uğurunu – Avropa çempionluğunu 2017-ci ildə qazanıb. Növbəti illərdə daha 3 dəfə qitədə rəqiblərindən güclü olub. Dünya çempionatlarında 2018-2019 və 2022-ci illərdə bürünc medala sahib olsa da, qızıl medal arzusu bu il gerçəkləşib.
Şəxsi məşqçisi Tərlan Həsənov qəzetimizə açıqlamasında bu barədə danışdı:
– Bir neçə ay bundan əvvəl mənə yanıqlı-yanıqlı şikayət etdi ki, 26 yaşı var, amma hələ də dünya çempionu ola bilməyib. Onu sakitləşdirib, mütləq bu titulu qazanacağına inandığımı bildirdim. Bu il Abu-Dabidə dünya çempionu olanda evdə idim. Göz yaşları içərisində onun Azərbaycan Himnini oxuduğunu ekranda görəndə, sevincimdən mən də ağladım. Ümumiyyətlə, Hidayət uşaqlıqdan əzmkarlığı ilə yanaşı, emosionallığı, inadkarlığı ilə digərlərindən fərqlənirdi. 6 yaşdan rəhbəri olduğum “Kanokan TT” klubunda cüdo məşqlərinə başlayıb. Onun enerjisi bitib-tükənmirdi. Məşqlərdən doymurdu. Nə qədər yük vermişiksə, dözüb, heç vaxt şikayət etməyib. Onu da qeyd edim ki, uduzmaq ona çox pis təsir edirdi və indiyədək də belədir.
İlk beynəlxalq yarışda – 2007-ci ildə Xarkovda Ukraynanın birinci Olimpiya mükafatçısı Nokolay Novikovun adına keçirilən turnirin finalında ona qarşı ədalətsizlik oldu. Yerli idmançıya uduzduruldu və gümüş medal aldı. Onun rəqibi Novikovun nəvəsi idi. Final qarşılaşmasından sonra diz üstə oturub ağlayır və yenidən güləşmək istədiyini tələb edirdi. Hidayət nadir hallarda yarışlarda gümüş medal qazanıb. Əksər vaxtlarda bürünc, yaxud qızıl medala sahib olub. Finalda həmişə qızıl uğrunda güləşib.
Tərlan müəllim “Hidayətdən Paris Oyunlarında hansı nəticəni gözləyirsiniz”, – sualına belə cavab verdi:
– Ondan qızıl medal gözləyirəm. Hidayət ümidimizi həmişə doğruldub. Ötən ilin dekabr ayında Tokioda “Böyük dəbilqə” yarışının finalında 5 qat dünya çempionu Soiçi Haşimotonu məğlub edərək qızıl medal aldı. Həmin idmançıya karyerası ərzində 6 dəfə məğlub olmuşdu. Bu, inamlı qələbə idi. Bu il Hidayəti çox önəmli bir şans gözləyir. Onun hədəfi Olimpiya çempionluğudur. Amma o, olimpiadadan sonra karyerasını bitirməyəcək və uğurlarına davam edəcək.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, 73 kiloqram çəkidə Olimpiya çempionu olmuş Elnur Məmmədli federasiyanın saytına açıqlamasında yetirməsinin çox güclü potensialının olduğunu bildirib:
– Hidayətlə oxşar cəhətlərimiz çoxdur. O, düşünəndə artıq nə demək istədiyini bilirəm. Tatamidə mübarizə zamanı məndə də çılğınlıq, emosiya var idi. Amma Hidayətdə bu, daha qabarıqdır. Amma onda elə xüsusiyyətlər var ki, məndən üstündür və özünə də deyirəm. Məndə bu qədər enerji olsaydı, bəlkə də, 3 dəfə Olimpiya çempionu olardım. O, fasiləsiz 25-30 dəqiqə güləşə bilir. Mən isə 5-6 dəqiqədən sonra yorulurdum. Bir özəlliyi də odur ki, çox diqqət sevir və bununla yaşayır, güləşir.
Hidayət, həm də prinsipial idmançıdır. Kosovoda keçirilən Avropa kuboku yarışında hakim finalda haqsızlıq edib, Hidayəti yerli idmançıya uduzdurdu. Son dünya çempionatında Hidayət dedi ki, kaş kosovolu ilə görüşəydim. Tale elə gətirdi ki, elə ilk görüşdə mübarizəsi kosovolu idmançı ilə oldu. Görüşdən qabaq prinsipiallıqla “Onu yaxşıca döyəcəyəm”, – dedi və rəqibi üzərində inamlı qələbə qazandı.
Hidayət Heydərov dünya çempionatında bütün rəqiblərini, o cümlədən yaponiyalı Tatsuki İşiharanı da məğlub edərək, cüdo tariximizdə 11 ildən sonra dünya çempionatının qızıl medalına sahib oldu. Onu da qeyd edək ki, istedadlı tatami ustası bu il həm də 4-cü Avropa çempionluğunu qazanıb. İndi idmançının medal kolleksiyasında qatıldığı bütün böyük turnirlərin baş mükafatı var. Çatışmayan yalnız “Olimpiya qızılı”dır. Ümid edirik ki, Hidayət Heydərov Paris Olimpiadasında da fəxri kürsünün ən yüksək pilləsində yer alacaq.
Leyla QURBANOVA
XQ