Sabiq baş nazir varisinə nə məsləhət görür?

post-img

Böyük Britaniyanın sabiq baş naziri Tony Bleyer Kir Starmeri ifrat sağçı qüv-vələrin populyarlığının artmasının qar­şısını almaq üçün miqrasiya axınına nəzarət etməyə çağırıb. Söhbət, ilk növ­bədə, populist Naycel Farajın rəhbərliyi ilə parlament seçkilərində 14,2 faiz səs toplayaraq 3-cü yeri tutan “Reform” UK partiyasından gedir. Düzdür, majoritar sistemə görə o, İcmalar Palatasında cəmi 5 yer qazanıb, britaniyalıların 12,2 faizinin səs verdiyi Liberal Demokratlar isə parlamentin aşağı palatasında 72 yer əldə ediblər. 

Bununla belə, ifrat sağçı qüvvələrin artan populyarlığı göz qabağındadır və Bleyer rəhbərlik etdiyi institutun təşkil etdiyi konfransda deyib ki, bu tenden­siyanın davam etməsinə icazə verilə bilməz. Eyni zamanda, sabiq leyborist baş nazir ümid edir ki, varisi vəzifələrin öhdəsindən gələcək. Bununla belə, o, Starmeri diqqətli olmağa çağıraraq deyib ki, qanun və asayiş diqqət mərkəzində olmalıdır. 

Bleyer Avropa ilə yenidən əlaqə qur­mağı və bir sıra məsələlərdə onunla yeni regional blok yaratmağı təklif edib. Bun­dan başqa, sabiq baş nazir Starmerdən yaşıl iqtisadiyyatla bağlı realist olmasını da istəyib. Məsələ ondadır ki, leyborist­lər bu mövzuda kifayət qədər səs-küylü bəyanatlar veriblər. Onlar Britaniyanı atom elektrik stansiyaları, külək turbin­ləri və günəş panelləri vasitəsilə özünü elektrik enerjisi və yanacaqla təmin edə biləcək “enerji superdövləti”nə çevirə­cəklərini vəd ediblər. “Yaşıl İnkişaf Planı” ildə 5 milyard funt-sterlinq investisiya və 600 mindən çox iş yerinin yaradılmasını nəzərdə tutur. Mütəxəssislər iddia edir­lər ki, bütün bunlar müəyyən mənada qeyri-mümkündür və cənab Bleyer buna yumşaq bir şəkildə eyham vurub. Sabiq baş nazir diqqətə çatdırıb ki, leyboristlə­rin həqiqi əməlləri vədlərdən uzaqlaşma­malıdır. Qeyd etmək yerinə düşər ki, ley­boristlər 2030-cu ilə qədər karbon qazı emissiyalarını sıfıra endirə biləcəklərini bildirirlər.

Bununla belə, seçiciləri maraqlandı­ran əsas məsələ iqtisadiyyatla yanaşı, qeyri-qanuni miqrasiyadır. La Manş bo­ğazı boyunca üzən qayıqların daimi axını britaniyalıları çox narahat edir. Leyborist­lər artıq bildiriblər ki, miqrantları Ruanda­ya göndərməyəcəklər. Söhbət nə az, nə çox, 100 min qeyri-qanuni immiqrantdan gedir. İndi böyük ehtimalla onlara sığına­caq üçün müraciət etməyə icazə verilə­cək. Bu, təkcə ərizələrə baxmağa sərf olunan vaxt deyil, həm də qeyri-qanuni mühacirlərin qaldıqları müddətdə sax­lanmasına sərf olunan puldur.

“Daily express”ə görə, leyboristlər təqaüdlərə vergi tətbiq etməyə başla­ya bilər. Bu, bir çox yaşlı britaniyalıları qəzəbləndirə bilər, çünki onlar illərdir əmanətlərini sonradan vergiyə cəlb edil­mədən gəlirlərinin bir hissəsini pensiya fondlarına ödəyiblər. 

Təbii ki, bütün bunlar sağçı müha­fizəkar medianın fərziyyələri ola bilər, amma hökumət vəd edilən dəyişikliklərə başlamaq üçün haradansa pul tapmalı­dır. Müxalifət düşərgəsi gözləyir ki, yeni hökumət sıravi britaniyalının maddi və­ziyyətinə müsbət təsir göstərəcək hansı addımları atacaq. 

Hazırda Kir Starmer dünya liderləri ilə fəal şəkildə əlaqələr yaradır. O, bu günlərdə Ağ evdə ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək və siyasi müşa­hidəçilər düşünürlər ki, həmin görüşdə cənab Starmer Ukraynaya dəstək verə­cəyini elan edəcək.

S.ELAY
XQ

Dünya