“Simayi Şəms”lə sevdiyim sənətkar

post-img

...Muğam üstündə köklənmiş marağım məni bu dəfə “Simayi Şəms” dünyasına aparmışdı. O muğamı eşitmək istəyirdim. Onu da xatırladım ki, bu ritmik muğamı çox sənətkarımız oxusa da, kişi xanəndələrdən Arif Babayevin, xanım sənətkarlarımızdan isə Rəsmiyyə Sadıqovanın ifasını daha çox sevmişəm. 

Qərəz, internetdən “Simayi Şəms” muğamını seçmək istədim. Orada məni olduqca məmnun edən bir faktla rastlaş­dım: “Gələndə” mahnısı. Oxuyur Rəs­miyyə Sadıqova. Xalq artisti, professor Vamiq Məmmədəliyevin videotekasın­dan”. Eşq olsun ustad tarzənimizə ki, belə bir xəzinəni dinləyicilərin və tamaşa­çıların ixtiyarına verib. 

Amma mən “Simayi Şəms”i arzulayır­dım və tapdım. Həm də necə? Rəhmətlik Rəsmiyyə xanımın Masallıda – doğma el-obasında oxuduğu “Simayi Şəms”. Aman Allah, bu nə qismət imiş? 

...Nə isə. 1994-cü il idi. Onda hələ dövlət radiosunda işləyirdim. Bəstəkar Şəfiqə Axundova mənim “Anama məktub” şeirimə musiqi yazmışdı. Nəyə görəsə onun iş otağına, televiziyanın Uşaq Proq­ramları redaksiyasına getmişdim. Otaqda başqa bir xanım da var idi. Şəfiqə xanım məndən soruşdu ki, İttifaq, Rəsmiyyə xa­nımı tanıyırsanmı? Opera solistimizdir. 

Dedim, mən onun “Simayi Şəms”ini opera solistliyindən daha çox sevirəm. Şəfiqə Axundova elə bildi ki, Rəsmiyyə xanım mənim həmin sözlərimdən inciyər. Ona görə də dərhal etiraz etdi: 

– Yox, yox, Rəsmiyyə xanım opera­larda da böyük uğur qazanmış sənətka­rımızdır. 

Mən səhv elədiyimi başa düşdüm və susdum. Şəfiqə xanım əlavə elədi ki, Rəsmiyyə Sadıqova Masallıdan qayıdıb. Onu öz verilişinə dəvət edə bilərsən. 

Soruşdum ki, Masallıda “Simayi Şəms” oxudunuzmu”? Dedi ki, əlbəttə. 

Ertəsi gün studiyamıza gəldi. Xeyli söhbət etdik və söhbətimizi lentə yaza­raq, veriliş hazırladım. Opera və Balet teatrındakı fəaliyyətindən xeyli danışdı. Çox təəssüf ki, sədr müavini Mövlud Sü­leymanlı xanəndə və ya müğənnilərin studiyada canlı ifasına və fonotekadan kənarda olan lent yazılarının efirə veril­məsini qadağan eləmişdi. Ona görə də öz verilişimdə radionun fonotekasındakı “Simayi Şəms”i verməli oldum. 

Rəsmiyyə xanım studiyadan çıxıb ge­dəndə bir də geri qayıtdı: 

– Oğlum, bir xahişim var.

– Buyurun. 

– Son zamanlar televiziya və radioda mənim familiyam bir neçə dəfə Sadıxo­va kimi səsləndirilib. Siz dəqiq deyin – Sadıqova. 

Söz verdim və efirdə dedim ki, 40 il opera və balet teatrının solisti olmuş, 100 dəfə Əsli, Leyli, Şahsənəm, Telli kimi baş rollarda oynamış, eyni zamanda, “Si­mayi Şəms” ritmik muğamının ifasına özünəməxsus möhür vurmuş Rəsmiyyə Sadıqova Masallı şəhərindən qayıtmış­dır. Onunla söhbətimizi təqdim edirik... 

İttifaq MİRZƏBƏYLİ

Mədəniyyət