Avropa Oyunları idman dünyasına Azərbaycan paytaxtından pərvazlandı

post-img

Hər dəfə planetin hər hansı guşəsində Olimpiya oyunlarından, onların tarixindən söz düşəndə dərhal Afina, Yunanıstan göz önünə gəlirsə, Avropa Oyunları deyəndə də ən əvvəl qitəmizin idmançılarının bu ali yarışlarının ilk paytaxtı əziz Bakımız və Oyunların vətəni qüdrətli Azərbaycan Respublikası xatırlanır. Tarixi 2015-ci il iyunun 12-dən hesablanan və on yeddi gün ərzində, iyunun 28-dək səhərdən axşama qədər fəxrlə izlədiyimiz Avropa idmanı nümayəndələrinin dostluq və həmrəylik startlarının əzəmətli Bakı Olimpiya Stadionunda təntənəli açılış mərasimindən artıq 9 il ötür. 

O vaxtdan bugünədək paytaxtımızın idman həyatında baş verən ən mühüm hadisələrdən biri də bu yaxınlarda, mayın əvvəlində Bakının 2026-cı il üçün dünyanın idman paytaxtı seçilməsidir. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının bir ay əvvəl bu barədə qəbul etdiyi qərar Azərbaycan paytaxtının imkanlarına, idman ənənələrinə, müasir bazalarına, onun sakinlərinin səmimiyyətinə və qonaqpərvərliyinə verilən yüksək dəyərin təzahürüdür. 

Hələ I Avropa Oyunları startlarından təxminən bir il əvvəl qitəmizin idman hərəkatında yeni səhifə açmış “Bakı-2015”in xarici ölkələrdə—Yunanıstan və Fransa, Türkiyə və Almaniya, İsveçrə və Rumıniya, Macarıstan və İtaliya, Belçika və Böyük Britaniyada təqdimat mərasimləri maraqla qarşılanmış, hər yerdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Avropa Oyunlarının Təşkilat Komitəsinin yarışlara hazırlıq istiqamətində həyata keçirdiyi böyük işlər, təxirəsalınmaz tədbirlər yüksək qiymətləndirilmişdi. Bununla da dünya Azərbaycan dövlətinin, onun idman təşkilatlarının nəyə qadir olduğunu bir daha aydın hiss etmişdi.

Ən başlıcası isə, Bakıda birinci Avropa Oyunlarının uğuru Azərbaycan dövlətinin, şəxsən onun rəhbəri, artıq 27-ci ildir ki, Milli Olimpiya Komitəsinin prezidenti kimi ölkənin bütün idman təşkilatlarını vahid komanda şəklində birləşdirib, məqsədə doğru inamla irəli aparan cənab İlham Əliyevin respublikamızda idmanın inkişafına göstərdiyi daimi qayğı və diqqətin parlaq nəticəsi idi. Ölkə vətəndaşlarının ürəkdən dəstəklədiyi Avropa Oyunlarının ən yüksək səviyyədə təşkili, bu zaman bütün məqamların nəzərə alınması, “Köhnə qitə”nin 50 ölkəsinin idman nümayəndə heyətinə öz imkanlarını tam nümayiş etdirmələri üçün hər cür şərait yaradılması Avropa Milli Olimpiya Komitələri Assosiasiasının qitə idmanında yeni mərhələ açan yarışların təşkilini Azərbaycan Respublikasına etibar etməkdə yanılmadığını qətiyyətlə sübuta yetirdi. Böyük zəhmət və çox vaxt tələb edən hazırlıq işləri qısa müddətdə yüksək sürətlə həyata keçirilmişdi.

Əgər Bakının ən yaxşı idman bazalarında əvvəldən axıradək kəskin rəqabət şəraitində davam edən ağır sınaqlarda Azərbaycan komandasının əla çıxış edərək, ümumi hesabda 56 medalla (21+15+20) yalnız Rusiya kollektivindən geri qalıb, ikinci yeri tutduğunu da xatırlasaq, həm yarışların təşkilində, həm də qazanılan medalların sayında ümidlərimiz tam doğrulmuşdu. Qitənin idman rəhbərləri və mütəxəssislərinin yekdil fikrincə, Bakıda Avropa Oyunları Olimpiya oyunları səviyyəsində keçirilmiş, təkcə idman ictimaiyyəti yox, bütün xalq tarixdə ilk dəfə təşkil edilən yarışlara öz töhfəsini vermişdi. 

Ölkə üçün çox mühüm əhəmiyyətli iş uğurla yerinə yetirilmişdi. Heç kim ümummilli layihə, möhtəşəm idman bayramı hesab edilən “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili tədbirlərindən geri qalmamışdı. Bakı yüksək etimadı şərəflə doğruldub, öz missiyasının öhdəsindən layiqincə gəlmişdi.

Təəccüblü deyil ki, yarışlardan çox-çox sonralar da hər yerdə “Bakı-2015”in əla təşkili, Oyunların bütün iştirakçıların və qonaqların qəlbində xoş xatirələr yaratdığı, onların beynəlxalq standartlara uyğun keçirildiyi, medallar uğrunda mübarizənin ədalətli rəqabət şəraitində davam etdiyi yekdilliklə qeyd olunurdu. Bir sözlə, Bakıda birinci Avropa Oyunları Azərbaycan dövləti və idmanının əsl zəfər marşı idi. 

Sonralar Azərbaycan paytaxtının başladığı iş 2019-cu ildə Minskdə davam etdirildi, 2023-də Belarus paytaxtından estafeti Polşanın Krakov şəhəri qəbul etdi, 2027-ci ildə isə Avropa idmanının ulduzları qardaş Türkiyənin İstanbul şəhərində parlayacaqlar. 

“Bakı-2015” birinci Avropa Oyunları 10 yaşına tezliklə, iyulun sonunda Parisdə starta çıxacaq XXXIII Yay Olimpiya Oyunları ilində qədəm qoyur. Yenə iki həftə ərzində dünyanı olimpiya həyəcanları bürüyəcək. Azərbaycan idmanının liderləri artıq Olimpiadaya 40-a qədər lisenziya qazanmışlar. Çox güman ki, bu say bir qədər də artacaq və ölkəmiz Fransa paytaxtında kifayət qədər mötəbər nümayəndə heyəti ilə təmsil olunacaq.

Olimpiya ili boksçularımız üçün ikiqat əlamətdar ildir. Bu il Azərbaycan Boks Federasiyası yaradılmasının 100 ili tamam olur. Şübhəsiz, rinq ustalarımız bir əsrlik yubileyi layiqincə qeyd etmək əzmindədirlər. Onlar Olimpiadada medallar uğrunda beş çəki dərəcəsində döyüşəcəklər. 

Azərbaycan boksçuları 2000-ci ildə Sidney Olimpiadasından başlayaraq Tokio-2020-dək bütün Olimpiya oyunlarından respublikamıza medal gətirmişlər. Yubiley ilində həmin mükafatların sahiblərini xatırlamaq yerinə düşər: Avstraliyada Vüqar Ələkbərov, Afina—2004-də Fuad Aslanov və Ağası Məmmədov, 2008-ci ildə Pekində Şahin İmranov, bundan dörd il sonra London rinqində Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov bürünc medal qazanmışlar, Rio-de-Janeyro-2016-da kubalı legionerimiz Lorenso Sotomayor yalnız final görüşündə uduzub, fəxri kürsünün gümüş pilləsinə yüksəlmiş, onun komanda yoldaşı Kamran Şahsuvarlı üçüncü mükafatçı olmuş, Tokio-2020-də millimizin digər kubalı üzvü Alfonso Domingesə bürünc medal təqdim edilmişdi.

İndi isə olimpiya rinqində fərqlənmək növbəsi Nicat Hüseynov (51 kq), Məlik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), yenə A.Dominges (92 kq) və Məhəmməd Abdullayevindir (+ 92 kq). Onların hər birinin qələbə və medalı Azərbaycanda boksun inkişafının 100 illiyinin qeyd olunduğu ildə olimpiya hərəkatına, bütün xalqımıza layiqli töhfə olar.

Bu gün Avropa Oyunlarının vətəni Azərbaycan və onun baş şəhəri tarixi hadisənin bir daha böyük sevincini yaşayacaq. Dünyanın Azərbaycan paytaxtını Avropa Oyunlarının ilk paytaxtı kimi tanıdığı gündən 9 il ötür.

Günün mübarək, “Bakı-2015”!

Oqtay BAYRAMOV, 
Əməkdar jurnalist

 



İdman