“Hamı” üzgüçü olmuşdu...

post-img

Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında ötən 2 gün ərzində davam edən “Üzgüçülük hamı üçün” layihəsi çərçivəsində turnir maraqlı mübarizə ilə yadda qaldı. Həvəskar idmançıların iştirak etdiyi yarış su idmanı həvəskarları üçün əsl bayrama çevrildi. 

Bakı Su İdmanı Sarayında təşkil olunan ənənəvi yarışda əvvəlcə iştirak­çı ölkələrin təmsilçilərinin paradı oldu. Turnirin açılış mərasimindən sonra isə mübarizəyə start verildi. Artıq 2-ci ildir həyata keçirilən “Üzgüçülük hamı üçün” layihəsi çərçivəsində budəfəki turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıs­tan və Şimali Kipr Türk Respublikası ölkələrindən 15 müxtəlif yaş kateqoriya­sında (9 yaşdan aşağı, 9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) idman­çılar iştirak etdilər. 

Gənclər və idman naziri Fərid Qa­yıbov jurnalistlərə müsahibəsində ilk yarışa yalnız ölkəmizdən iştirakçıların qatıldıqlarını, bu dəfə isə beynəlxalq status daşıdığını bildirdi: 

– Yarış artıq beynəlxalq status daşıyır və burada bir neçə ölkədən idmançılar iştirak edirlər. İnanırıq ki, növbəti illərdə iştirakçı ölkələrin sayı daha da artacaq.

Nazirin sözlərinə görə, yarışın təşki­lində əsas məqsəd insanların sağlamlı­ğının təmin edilməsidir. Qeyd edildi ki, ölkəmizdə üzgüçülüklə yanaşı, digər id­man növləri üzrə kütləvi yarışlar keçirilir. Belə yarışlarda müxtəlif yaş qrupların­dan olan insanlar, hətta 60 yaşdan yuxa­rı olan şəxslər də iştirak edirlər ki, bu da sevindirici məqamdır. Bu cür turnirlərə aşağı yaş qruplarından uşaqlar da qatı­lırlar. Artıq orta məktəblərdə üzgüçülük idman növünə maraq oyatmaq üçün məşqçilər tərəfindən seçim işləri aparı­lır. Orada özünü göstərən uşaqlar gələ­cəkdə əsas yarışlara qatılırlar. Məqsəd gəncləri idmana cəlb etməkdir.

Şimali Kipr Türk Respublikasının Su İdmanları Federasiyasının pre­zidenti Mustafa Abitoğlu isə açıqla­masında belə bir layihənin təşkilinin müsbət addım olduğunu dedi. O bil­dirdi ki, ikinci Vətəni olan Azərbayca­na səfər etdiyi üçün xoşbəxtdir: 

– Hisslərimi sözlə ifadə etmək çətin­dir. Azərbaycanda olmaq möhtəşəm bir hissdir. Çox həyəcanlıyıq. Mən dövlətimi­zin və xalqımızın sevgisini bura gətirdim. Möhtəşəm təşkilatçılıq üçün Gənclər və İdman Nazirliyinə və Üzgüçülük Federa­siyasına təşəkkür edirəm. 

60 yaşdan yuxarı qadınlar arasın­da fərqlənən Nesrin Arslan Bakıda yarışda iştirakdan məmnun olduğunu bildirdi. Su İdman Sarayında ilk dəfə olduğunu bildirən N.Arslan burada qələbə qazanacağına əmin olduğunu dedi:

– Hər kəsin öz potensialından tam is­tifadə etməsi üçün lazımi şərait yaradılıb. Bakı Su İdmanı Sarayı möhtəşəmdir. 7 yaşdan üzgüçülüklə məşğul oluram. 60 ildir üzürəm. Bədən tərbiyəsi müəllimə­siyəm və ixtisasım üzgüçülükdür. İndiyə­dək minlərcə uşağa bu idman növünün sirlərini öyrətmişəm. Açıq dəniz yarışla­rında da iştirakımı davam etdirirəm. Türk dünyasının bütün gənc qadınlarını üzgü­çülüklə məşğul olmağa həvəsləndirirəm. 

Yarışlara tamaşa edən balaca uşaqlar arasında bu idman növlərinin sirlərini öyrənməyə başlayan çoxlu həvəskarlar var idi. Onlardan biri – Di­narə Ağayevanın 6 yaşı var:

– Üzgüçülüyü çox sevirəm. Əsasən, balaca uşaqların yarışı xoşuma gəldi. Mən də üzmək istəyirəm. 

Sevindirici məqamlardan biri də bu balaca tamaşaçıların hər birinin üzmək arzusunun böyük olması idi. Son vaxt­lar bu idman növü üzrə kütləvi yarışla­rın təşkili və təmsilçilərimizin beynəlxalq arenalarda qazandıqları nailiyyətlər ölkə­mizdə üzgüçülüyün kütləvi hal almasının bir daha təsdiqidir. 

Gənclər və İdman Nazirliyi, Üzgüçü­lük Federasiyasının birgə əməkdaşlığı ilə təşkil olunan “Üzgüçülük hamı üçün” layihəsi çərçivəsində turnir də bu idman növünün kütləviliyinin, populyarlığının artırılması istiqamətində daha bir önəmli tədbir kimi yadda qaldı.

Leyla QURBANOVA
XQ

İdman