Cənubi Qafqazın ən uzun triatlon yarışı Bakıda keçirildi

post-img

“IronWinD” seriyasından Cənubi Qafqazda növbəti, ən uzun triatlon yarışı – klassik “yarı” IronWind 113 – turniri Pirallahı rayonunun Nərəkənd parkında keçirildi. Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Rusiya, Belarus, Böyük Britaniya, BƏƏ, Ukrayna, İrlandiya və Gürcüstandan, ümumilikdə, 200 idmançının mübarizə apardığı yarış əsl idman bayramına çevrildi. 

Təkcə fiziki dözümlülük deyil, həm də böyük diqqət və strategiya tələb edən bu baxımlı idman növü üzrə ənənəvi yarış, həmişə olduğu kimi, bu dəfə də ətrafına xeyli azarkeş toplamışdı. Onların arasında turnirdə mübarizə aparanların ailə üzv­ləri, turist kimi ölkəmizə səfər edənlər də var idi. İdmançıların üzgüçülüklə başlayıb, veloyürüşlə davam edən və qaçışla başa çatan yarışını ta­maşaçılar böyük maraq və həyəcanla izləyirdilər. Həm iştirakçı ölkə, həm də idmançıların say baxı­mından çoxluq təşkil etdiyi turnirdə rəqabət də xeyli yüksək idi. Yarış iştirakçılarının və izləyicilə­rin də qeyd etdikləri kimi, küləkli və yağışlı hava­ya baxmayaraq, turnir yüksək səviyyədə, maraqlı rəqabət şəraitində keçdi. 

Azərbaycan Triatlon Federasiyasının baş katibi Seymur Hüseyinov “XQ”yə açıqlama­sında bildirdi ki, yarış ənənəvi xarakter daşıyır və gələcəkdə də keçiriləcək: 

– Turnir Gənclər və İdman Nazirliyi, “Triter­ra Baku TriathlonClub”u və Bakı Şəhər Halqa­sı Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirildi. Fərdi, həm də estafet formatlı yarışda iştirakçılar üzgüçülük üzrə 1,9, velosiped yarışında 90, qa­çış mərhələsində isə 21,1 kilometr məsafə üzrə mübarizə apardılar. Bu məsafələri qət edib, finişə çatan hər bir idmançı qalib sayıldığı üçün onlara xüsusi medallar təqdim edildi. Xarici idmançılar budəfəki yarışda sayca üstünlük təşkil edirdi. 

Federasiyanın rəsmisi Azərbaycanda tri­atlonun, təxminən, 10 il bundan əvvəl yarana­raq, inkişaf etməyə başladığını dedi. O, ötən illərdə yüksək nəticə əldə edən idmançılarımı­zın yetişdiyini bildirdi:

– Artıq Olimpiya Oyunlarında da təmsil olunu­ruq. Belə yarışları təşkil etməkdə əsas məqsəd, bu idman növünün ölkəmizdə daha yüksək inki­şafına və kütləviliyinə nail olmaqdır. 

Yarış iştirakçılarından təmsilçimiz Fatimə Alkərəmova da turnirlə bağlı təəssüratlarını bölüşdü:

– Üzgüçülük üzrə yığma komandanın üz­vüyəm. Komanda yarışlarında iştirak edirdim. Nəticəm yaxşı oldu. Musa Mikayılzadə velosiped, Cəlal Süleymanov qaçış yarışlarında iştirak etdi. Belə maraqlı turnirə görə təşkilatçılara minnətda­rıq. 

Komandamızın digər üzvü Tural Mahmu­dov velosiped yarışında nəticələrinin qənaət­bəxş olduğunu dedi:

– Küləkli və yağışlı havaya baxmayaraq, gü­cümüzdən tam istifadə edə bildik. 90 kilometr məsafə üzrə velosiped yarışında 38 kilometr\saat orta sürətlə hərəkət edirdim ki, bu da mənim üçün yaxşı göstəricidir. Həm təşkilatçılara, həm də bizə dəstək verənlərə minnətdarlığımı bildirirəm. 

Belaruslu idmançı Oleq Qolub növbəti ya­rışlarda da iştirak etmək istədiyini dedi:

–Yarışdan 2 gün əvvəl Bakıya gəlmişdik. Şəhərinizi gəzib, görməli yerləri ilə tanış olmaq üçün gözəl fürsət yarandı. Bakı müasirliyi ilə ya­naşı, həm də qədimliyi ilə diqqəti cəlb edir. Bu­rada, eyni zamanda, əsrarəngiz təbiət, yaşıllıq insanın könlünü oxşayır. Nəticələrimə gəldikdə, velosiped yarışında göstəricim daha yaxşı oldu. Qaçış isə o qədər də yaxşı alınmadı. Ümumilikdə, böyüklər arasında 6-cı oldum. Təbii ki, daha yaxşı çıxış edə bilərdim. 

Qeyd edək ki, yekun nəticələrə görə, qadınlar arasında rusiyalı idmançı Valentina Kukruz müt­ləq qalib elan edildi. Mişel Naql (İtaliya), Sofiya Krevetskaya (Belarus) sonrakı yerləri tutdular. Kişilərin yarışında isə Denis Vasilyev (Rusiya) bütün rəqiblərini geridə qoydu. Aleksey Vşivtsev (Qazaxıstan) 2-ci, Aleksandr Mordaşov (Ukrayna) 3-cü pillələrdə qərarlaşdılar. 

Mütləq kateqoriyada qaliblərə medalları Azər­baycan Velosiped Federasiyasının prezidenti Mə­dət Quliyev, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə, Gənclər və İdman Nazirliyi idman şöbəsinin müdir müavini Nicat Həsənov təqdim etdilər.

L.QURBANOVA
XQ









İdman