Yaxud “Alimlər evi” yaratmış əmək qəhrəmanı
Öncə bir xatırlatma. Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 9-da Ağdaş – Zarağan yolunun 40-cı kilometrliyindən başlayan (Qəbələ rayonu ərazisində) Böyük Pirəlli – Kiçik Pirəlli – Xırxatala – Cığatelli – Həmzəlli avtomobil yolunun açılışında iştirak etmişdir. Rəsmi sənədlərdə qeyd edilirdi ki, 17 minə yaxın əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolu tamamilə yenidən qurulub. Yerli sakinlər isə məsələni öz bildikləri kimi ifadə edirdilər: “Cənab Prezident Əşrəf yolunu əvvəlkindən on qat yaxşı bərpa etdirdi”. “Əşrəf yolu” ifadəsi barədə bir az sonra.
... 1995-ci ilin əvvəlləri idi. Ulu öndər Heydər Əliyev “9 May Qələbə Günü”nün bayram kimi qəbul edilməsini bərpa edəndən sonra Nazirlər Kabineti xüsusi planlar hazırlamışdı. O zaman mən Dövlət Radiosunda işləyirdim. Hökumətin hazırladığı plan haqqında material hazırlamaq üçün Nazirlər Kabinetinin Müharibə veteranları və Ağsaqqallar Şurasına (o zamanlar belə adlanırdı) getmişdim.
Orada İsgəndər İsgəndərov ad-soyadlı bir ağsaqqal ( o, şamaxılı olduğunu demişdi) mənim qutqaşenli olduğumu biləndə bizim kənddə kolxoz sədri işləmiş Əşrəf Əlimirzəyev barədə heç zaman unutmayacağım bir xatirəni danışdı: “ Altmışıncı illərin ortaları idi. Mən Qutqaşen Rayon Partiya Komitəsinin birinci katibi idim. Əşrəf Qəmərvan kəndindəki “Bakı fəhləsi” kolxozunun sədri idi. Öyrəndim ki, o, rayon rəhbərliyinə məlumat vermədən kənddə “Alimlər evi” tikdirir. Otağıma çağırdım və ən qabaqcıl rəhbərlərdən biri olmasına baxmayaraq, bəlkə də onun heç zaman eşitmədiyi acı sözləri dedim. Gözləmədiyim halda stulu götürüb üstümə hücuma keçdi. Yaxşı ki, otaqda başqa adamlar da var idi... O, fiziki cəhətdən məndən çox güclü idi... Çox qürurlu adam idi.”
Ağsaqqaldan soruşdum ki, bəs, siz onu necə cəzalandırdınız?
– Sonrakı il – 1966-cı ildə mən ona Sosialist Əməyi Qəhrəmanı adı verdirdim. “Verdirdim” deməyə haqqım var. Çünki o illərdə birinci katibin təqdimatı cavabsız qalmırdı. Həmin qərarımda “Alimləır evi”nin rolu az deyildi” – deyə, ağsaqqal cavab verdi.
... Əslində, bu yazını “Məni aqronom, mühasib və ya zootexnik kimi görmək istəyən insan” sərlövhəsi ilə qələmə almaq istəyirdim. Çünki Əşrəf dayı ( 60–70-ci illərdə bütün qutqaşenlilər onu məhz “dayı” deyə çağırırdılar. Hətta “Azərbaycan gəncləri” qəzetinin tanınmış bir müxbirinin kəndimizdə ona “dayı” deyə müraciət etdiyini də görmüşdüm) mənim oxumaq üçün Bakıya getməyimi istəmir, bilavasitə özüylə birlikdə Gəncəyə getməyimi, Kənd Təsərrüfatı İnstitutuna qəbul olunmaq üçın ərizə verməyimi məsləhət bilirdi: “Rektordan xahiş edərəm, qəbul olunarsan, diplom alıb gələrsən, birlikdə işləyərik”. Amma mən Bakıya getməkdə israrlı idim. Hələ də bilmirəm ki, həmin tərsliklə udmuşam, yoxsa uduzmuşam.
Söhbət Sosialist Əməyi Qəhrəmanı, 2 dəfə Lenin Ordeninə layiq görülmüş... ( digər uğurlarını sadalamasam da, təhsilə göstərdiyi qayğıya görə “Qabaqcıl maarif xadimi” medalına layiq görülməsini xatırlatmalıyam) Əşrəf Əlimirzəyevdən gedir.
Əşrəf dayı rayonun Qəmərvan kəndində – “Bakı fəhləsi” kolxozunun sədri işlədiyi müddətdə məktəb binası, xəstəxana, klub, mehmanxana, su dəyirmanı, taxta emalı sexi, hamam tikdirmişdi. Kəndin mənzərəli guşəsində tikilmiş “Alimlər evi” yaradıcı elm adamlarının ixtiyarına verilmiş, həmçinin bu dağ kəndini Ağdaş yoluna qovuşduran asfalt yol çəkilmiş, yolboyu bir neçə çayın üzərində körpü salınmışdı. O dövrdən əlli ildən çox keçməsinə baxmayaraq, rayon camaatı hələ də həmin yolu “Əşrəf yolu” kimi qəbul edir.
O, mənim doğulub böyüdüyüm Mirzəbəyli kəndində də öz prinsiplərinə sadiq qalaraq, Xanlar adına kolxozun sədri olduğu illərdə məktəb binası, xəstəxana, müəllimlər üçün yaşayış evi, uşaq bağçası, hamam tikdirmiş və kənd mərkəzindən Çuxur Qəbələ və İmamlı kəndlərinə yol çəkdirmişdi. O illər üçün bu faktlar olduqca böyük göstəricilər idi.
Üstəlik, o, mənim gənc mexanizator kimi Moskvaya – SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə, rayon komsomol komitəsinin plenum üzvü kimi Bakıya, Respublika Komsomolunun XXIX qurultayına göndərilməyimin, kolxoz Xalq nəzarəti qrupunun sədri seçilməyimin təşəbbüskarı, rayonda çıxan “Qalibiyyət” qəzetində verilmiş istənilən yazımın “təbliğatçısı” idi. Ondan “Ədə, gedin, Məmmədcanın oğlunun kəndimiz haqqındakı yazılarını oxuyun, siz də kənd üçün nə isə etməyə çalışın”– sözlərini çoxları eşitmişdi.
Allah ona da rəhmət eləsin, 44 günlük İkinci Qarabağ müharibəsində şəhid olmuş nəvəsinə də.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist