Bakıda ilk Peşəkar Çövkən Liqası keçirilir

post-img

Azərbaycanın milli atüstü oyun növlərindən biri olan çövkənin nəinki ölkəmizdə, eləcə də dünyada geniş yayılması, populyarlaşması istiqamətində son illər mühüm işlər görülür. Bu idman növü üzrə güclü atletlərin ərsəyə gəlməsində, gənc nəslin sağlam ruhda böyüməsində, “Qarabağ” və “Dilbaz” kimi dünya şöhrətli milli at cinslərinin qorunması və tanıdılmasında əhəmiyyətli rol oynayır. 

Bu baxımdan, ölkəmizdə ilk dəfə Peşəkar Çövkən Liqasının təşkilini xüsusi vurğulamaq olar. Mayın 21-də Binə Atçılıq Mərkəzində keçirilən liqanın açılış mərasimində ARAF-ın prezidenti Elçin Quliyev çövkənin qədimdən Azərbaycanda yaranması, inkişafı ilə bağlı məlumatların  tarixi mənbələrdə öz əksini tapdığını bildirib. O qeyd edib ki, XII sərdə Azərbaycanın dahi şairi, Nizami Gəncəvi məşhur “Xosrov və Şirin” poemasında qadın və kişilərin birgə oynadıqları çövkən oyununu geniş təsvir etmişdir. 

Qeyd edilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda digər idman növləri kimi, milli atüstü oyunlar da inkişaf etdirilir, yerli at cinslərimizin dünya şöhrəti artır. 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2013-cü ildə UNESCO “Çövkən – Azərbaycanın ənənəvi Qarabağ atüstü oyunu”nu təcili qorunma ehtiyacı olan qeyri-maddi mədəni irs nümunəsi kimi tanıyıb. Qarabağ atının tarixi üzrə xüsusi tədqiqatlar aparılıb və onun dünyanın 3 “təmiz qanlı” at cinsindən biri olması təsdiq edilib.

ARAF rəsmisi Atçılıq Federasiyası tərəfindən son illərdə bu idman növünün inkişafı istiqamətində böyük işlər görüldüyünü bildirib. Qeyd edib ki, çövkən üzrə hər il ənənəvi “Prezident kuboku” turniri təşkil edilir. 2012-ci ildən etibarən Böyük Britaniyada milli süvari dəstəmiz Qarabağ atları üzərində xüsusi proqram nümayiş etdirir. Bu ilin fevral ayında 21 ölkənin nümayəndəsinin iştirakı ilə Bakı şəhərində Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi və federasiyanın qərargahı olaraq Azərbaycan paytaxtının seçilməsini xüsusi qeyd etmək lazımdır.  

Gənclər və idman naziri Fərid Qayıbov Binə Atçılıq Mərkəzinin yerli və beynəlxalq yarışlara evsahibliyi etməsinin sevindirici hal olduğunu diqqətə çatdırıb. O bildirib ki, dövlətimizin başçısının idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir. İdmançılarımız nailiyyətləri ilə bizi daim sevindirirlər. İnanıram ki, bizim qələbələrimiz hələ qarşıdadır.

Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev yarışla bağlı jurnalistlərə məlumat verərək qeyd edib ki, turnirdə 10 komanda iştirak edir: 

–Həyata keçirilən tədbirlərdə əsas məqsəd milli at cinslərinin, eyni zamanda qədim atüstü oyunlarımızı inkişaf etdirməkdir. “Prezident kuboku” yarışı il ərzində keçirildi. Bundan başqa, mütəmadi olaraq çempionat təşkilini düşünürdük ki, Peşəkar Çövkən Liqası bunu həyata keçirəcək. Bu liqa oyunları növbəti illərdə 10 deyil, daha çox komanda ilə davam edəcək.

ARAF rəsmisi əsas hədəfin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu da deyib. Builki Paris Oyunlarında Azərbaycanın atçılıq idmanında təmsil olunmayacağını xatırladan baş katib əlavə edib: 

–Artıq dresaj növü üzrə milli komandamız var. Yığma ilboyu Avropada təlim-məşq toplanışlarında olur. Azərbaycanın “Olimpiada-2028”in atçılıq yarışlarında 1 deyil, 2 komanda ilə təmsil olunması üçün əlimizdən gələni edəcəyik.

Rəsmi çıxışlardan sonra Azərbaycan Dövlət Himni səsləndirilib. Daha sonra iştirakçı komandaların paradı olub. Bədii hissə ilə davam edən mərasimdə Qarabağ atlarının bu il Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda nümayiş etdirdiyi şou-kompozisiyanı izləyicilər maraqla qarşılayıblar. 

Sonra Peşəkar Çövkən Liqasında l turun matçlarına start verilib. Yarışın ilk turunda “Omar” “Embavud”a 1:0 hesabı ilə qalib gəlib. “Sərhədçi” isə “Ağstafa Dilbaz”ı 7:0 hesabla məğlub edib. 

Qeyd edək ki, ümumilikdə, Peşəkar Çövkən Liqasında 18 turun keçirilməsi nəzərdə tutulur.   Turnirdə iştirak edən hər komanda bir-birinə qarşı 2 oyun keçirəcək. Qalib komandaya 3, heç-heçə edənlərə 1 xal veriləcək. Bütün görüşlər Binə Atçılıq Mərkəzində olacaq. 

Dekabrın 4-də turnirin qalibi elan ediləcək. 

Leyla QURBANOVA
XQ











İdman