Güləşçilərimizin Parisə yolu açıqdır

post-img

18 lisenziyanın 12-ni pəhləvanlarımız qazanıblar

Tam heyətlə olimpiadaya

Paris Olimpiadasında iştirak edəcək güləşçilərimizin yekun siyahısı artıq mə­lumdur. Hələ 1 ay əvvəl Azərbaycanın sərbəst güləşçiləri Bakıda doğma divar­lar arasında təşkil edilən Avropa Olimpi­ya Təsnifat Turnirində böyük uğurla çıxış edərək Paris Oyunlarına 5 vəsiqə qazan­mışdılar. 

Belə ki, millinin üzvlərindən Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nur­məhəmmədov (86 kq), Maqomedxan Maqomedov (97 kq), Georgi Meşvildiş­vilinin (125 kq) olimpiadaya gedəcəyi rəsmiləşmişdi. Həmin turnirə qədər isə Maqomedxan Maqomedov (97 kq) “Pa­ris-2024”də iştirak hüququ əldə etmişdi. Onu da bildirək ki, Azərbaycanla yanaşı, yalnız İran tam heyətlə bu yarışa qatıla­caq.

Avropada birinci, dünyada 3-cü...

“Sərbəst”lərdən sonra yunan-Roma güləşçilərimizin də Paris Olimpiadasında geniş heyətlə təmsil olunacağı müəy­yənləşib. Belə ki, Türkiyənin İstanbul şəhərində həftəsonu başa çatan Dünya Olimpiya Təsnifat turnirində “klassiklər”i­mizdən daha 3-ü – Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sa­bah Şəriəti (130 kq) Paris Oyunlarına və­siqə əldə edib. 

Həsrət Cəfərov (67 kq) və Sənan Sü­leymanov (77 kq) isə lisenziyanı daha əvvəl qazanmışdılar. Beləliklə, idmançı­larımız bu növ üzrə 1 çəki dərəcəsindən başqa, bütün kateqoriyalarda mübarizə aparacaqlar. Bu göstəriciyə görə, yığ­mamız “köhnə qitə”də hamıdan öndədir. Dünyada isə bu nəticə ilə yunan-Roma millimiz 3-cü yeri tutur. Yalnız iki ölkənin –İran və Misirin güləşçiləri bizi qabaqla­yır. 5 lisenziya qazanan Rusiya təmsil­çiləri isə öz ölkələrini təmsil edə bilmədik­lərindən Parisdə neytral statusda iştirak edəcəklər. 

Qadın güləşçilərin Olimpiya rekordu

Qardaş Türkiyədə qadın güləş ko­mandamızın üzvü Mariya Stadnik mul­tiidman oyunlarına “bilet” alıb. Dünya şöhrətli idmançı bununla da, 5-ci dəfə Oyunların iştirakçısı adını qazanıb və dünya rekorduna sahib olub. 

Olimpiadalar tarixində cəmi 8 güləşçi 5 dəfə yarışlarda iştirak edib, onların ara­sında da qadın idmançı yoxdur. Əvvəlki oyunlarda 2 gümüş və 2 bürünc medalı olan idmançımız ilk qızılını Fransada qa­zanmağa çalışacaq. 

“Paris-2024”ə 24 lisenziya 

“Paris-2024”ə güləşin 3 növü üzrə 18 mümkün lisenziyadan 12-ni qazanan Azərbaycan bu nəticə ilə 4-cü yerdədir. Dördilliyin əsas idman yarışına ən çox vəsiqəni ABŞ komandası qazanıb. Yaponiya isə 2-ci yer­i tutub. Onu da əlavə edək ki, “Pekin-2008”dən başlayaraq artıq 5-ci olimpiadadır ki, Azərbaycan millisi gülə­şin hər 3 növü üzrə təmsil olunur. 

Qeyd edək ki, 2024-cü il Yay Olimpi­ya Oyunlarında güləş yarışlarında 288 id­mançı (192 kişi və 96 qadın) 18 dəst me­dal uğrunda mübarizə aparacaq. Hər bir ölkə yalnız 1 çəki dərəcəsində 1 idmançı ilə (12 kişi və 6 qadın) təmsil oluna bilər. 

Bununla da, Azərbaycan milli koman­dasının lisenziya sayı 24-ə yüksəlib. 

Leyla QURBANOVA
XQ

İdman