Şimali Makedoniya Avropadan üz çevirə bilər

post-img

Avropanın daha bir ölkəsi “köh­nə qitə”yə üz döndərməyə hazırlaşır. Söhbət Şimali Makedoniyadan gedir. Ötən bazar günü bu ölkənin yeni pre­zidenti fəaliyyətə başlayıb. VMRO-DP­MNE müxalifət partiyasının namizədi olan Qordana Siljanovskaya-Davkova səlahiyyətlərinin icrasına başladığı ilk gün səsləndirdiyi bəyanatlar Avro­pada narazılıq və narahatlıq doğurub.

Ötən şənbə günü Makedoniya Mərkə­zi Seçki Komissiyası mayın 8-də keçi­rilən prezident seçkilərinin ikinci turunda Qordana Siljanovska–Davkovanın qələ­bəsini təsdiqləyib. VMRO-DPMNE mötə­dil millətçi partiyanın namizədi 65 faizdən çox səs toplayaraq hazırkı prezident Ste­vo Pendarovskiyə qalib gəlib. Artıq ba­zar günü xanım Silyanovskaya-Davkova parlamentdə and içərək prezident kimi fəaliyyətə başlayıb. Makedoniyanın yeni prezidentinin andiçmə mərasimi mayın 12-də parlamentin qarşısında keçirilib. Mayın sonunadək toplanmalı olan depu­tatların yeni tərkibi prezident seçkilərinin ikinci turu ilə eyni vaxtda keçirilən par­lament seçkilərinin nəticələrinə əsasən müəyyən edilib. 

Bu seçkilərdə də 120 yerlik parla­mentdə VMRO-DPMNE 58 yer qazanıb. Bu, indiyədək iqtidar partiyası olan Ma­kedoniya Sosial Demokrat İttifaqından 40 yer çoxdur. Makedoniyanın yeni baş naziri olacaq Kristian Mitskovski yeni parlamentdə 13 yer qazanmış Albani­yanın “Vlen” (“Bu, dəyər”) partiyası ilə hakim koalisiyanın yaradılması ilə bağlı razılaşmanın əldə olunduğunu açıqlayıb. Mütəxəssislərin sözlərinə görə, hakimiy­yətin köklü dəyişməsi Şimali Makedo­niyanın daxili və xarici siyasətində ciddi dəyişikliklərə gətirib çıxaracaq. Yeni baş nazir artıq bildirib ki, əvvəlki hakimiyyətin idarəçiliyi zamanı törədilmiş qanunazidd əməllərə hüquqi qiymət veriləcək. Bu o deməkdir ki, siyasi partiyalar arasında qarşıdurma güclənəcək.

Xarici siyasətdə də ciddi dönüşün mümkünlüyü müzakirə edilir. İndiyədək ölkəni Avroatlantik inteqrasiya yolu ilə aparan məhz sosial-demokratlar olmuş­dular və bunun üçün ciddi güzəştlərə də getmişdilər. Belə ki, 2019-cu ildə Skopye tarixi mübahisəni həll etmək üçün Afina ilə razılığa gəlmişdi: makedoniyalılar Ma­kedoniyanın adını Şimali Makedoniya olaraq dəyişdirməyə razı olmuşdular və bu, onların bir il sonra NATO-ya qoşul­malarına yolunu açmışdı. Bununla belə, Skopye hələ 2005-ci ildə namizəd statu­su alsa da, ötən müddət ərzində Avropa İttifaqına qəbul edilmir. Əvvəlcə Fransa buna qarşı çıxdı, danışıqlara yeni yanaş­manın işlənib hazırlanmasını tələb etdi. Aİ-yə daxil olmaq üçün yeni qaydalar hazır olanda isə Bolqarıstan bolqar azlı­ğının hüquqlarının qorunmasının zərurili­yini diqqətə çatdırdı və bu tələb Skopye ilə danışıqların başlamasını təxirə saldı. Sonda bu maneə iki il əvvəl aradan qal­dırılsa da, Şimali Makedoniyanın Avropa İttifaqına daxil olması qarşısındakı əngəl­lər hələ də qalır. 

Skopye ilə Sofiya arasındakı mü­bahisənin həlli düsturuna görə, Şimali Makedoniya konstitusiyaya bolqar milli azlığı ilə bağlı müddəa daxil etməlidir. Bunun üçün isə prezidentin razılığı və parlamentdə çoxluq lazımdır. VMRO-DPMNE liderləri isə deyirlər ki, “bolqar­ların konstitusiyaya daxil edilməsini heç vaxt dəstəkləməyəcəklər”. Ölkənin yeni prezidenti isə “Makedoniya öz qürur his­sini bərpa etdi” adlı seçki proqramında yazıb ki, “Yunanıstanla razılaşma açıq məsələdir” və çıxışlarında “şimal” anlayı­şından istifadə etməyəcək. Beləliklə, Ma­kedoniyanın yeni hakimiyyət orqanları öz fikrində qalsalar, Skopyenin Avropa İtti­faqına gedişi, çox güman ki, dayanacaq. 

Şimali Makedoniyanın üz döndərə­cəyindən narahat olan Brüssel artıq bə­yanatlar səsləndirməyə başlayıb. Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbə­ri Jozep Borrel və təşkilatın genişlənmə üzrə komissarı Oliver Varqei bildiriblər ki, prezident və parlament seçkilərində sağçı qüvvələrin qələbəsindən sonra Şimali Makedoniyanın yeni hökuməti ilə əməkdaşlığa ümid edirlər: “Aİ və Şimali Makedoniya arasında güclü tərəfdaşlıq mövcuddur. Ölkə Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinə tam qoşulub və biz əməkdaşlığımızın davam edəcəyini və inkişaf edəcəyini gözləyirik”. Ancaq Skopyenin Aİ-nin bu növbətçi bəyanatla­rına inanıb-inanmadığını yaxın günlərdə atacağı addımlarla cavab verəcək.

S.ELAY
XQ

Dünya