Sosial Tədqiqatlar Mərkəzində “İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz” adlı elmi konfrans keçirilib.
Bildirildi ki, Azərbaycan dilinin statusu heç vaxt bu qədər yüksək olmayıb. Bununla belə, ölkəmizdə və Güney Azərbaycanda dil sahəsində həssas problemlər qalmaqdadır. Bu problemlər dilimizin rəsmi adında, onun istifadə sahəsinin məhdud olmasında, yazı qaydaları və əlifbada, terminlər məsələsində, yad sözlərin dilimizi doldurmasında, ad və soyadlarımızda, təhsil sistemində, medianın, internetin, reklamların, eləcə də qanunlar və digər rəsmi sənədlərin dilində özünü göstərir.
Milli Məclisin deputatı Zahid Oruc dedi ki, milli kimliyimiz və onun ayrılmaz atributu olan milli dilimizin quruculuğu, inkişafı XIX əsrin sonu – XX əsrin əvvəllərində yeni elitanın – Azərbaycan maarifçiliyinin meydana çıxması ilə birbaşa bağlıdır. Milli kimliyin “türk” adlandırıldığı 1918–1935-ci illər istisna olmaqla, sovetlərin sonunadək “azərbaycanlı” kimliyi üstün mövqe tutub. 1991-ci ildə müstəqilliyin bərpasından sonra milli kimlik ətrafında müzakirələr yenidən başlanıb. Deputatın sözlərinə görə, “vahid sovet xalqı, beynəlmiləl millət” yaratmaq planlarına baxmayaraq, Heydər Əliyev Azərbaycan adını, mədəni və mənəvi kimliyini, dilini, ənənələrini, tarixini və milli ruhunu heç vaxt imperiyanın “millətsizləşdirmə” ideologiyasına qurban verməyib.
Tədbirin aparıcısı, Xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, bizim gəncliyimiz sovet dövrünə təsadüf edirdi, heç nəyə gücümüz çatmırdı, amma dilimiz, milli kimliyimiz uğrunda mübarizə aparırdıq. Davamız hər zaman ana dili olub.
Professor Nəsib Nəsibli qeyd etdi ki, ana dilimiz heç vaxt indiki səviyyədə yüksək statusa malik olmayıb. Millətimiz hər zaman dilinə sahib çıxmalıdır.
AMEA-nın həqiqi üzvü Nizami Cəfərov bildirdi ki, dil məsələsində çox ciddi peşəkarlıq tələb olunur. Yetər ki, türk mənşəli olmağımızdan imtina etməyək. Biz bu müzakirələri davam etdirməliyik.
ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı maraqlı təkliflərlə çıxış etdilər və bu cür konfransların önəmini vurğuladılar.
Tədbirin ikinci hissəsinin moderatoru – STM-nin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli sözü Türk Dünyası Araşdırmaları İnstitutunun doktorantı Odər Qutluərə verdi. “Dildə türkçülük gərəyi” mövzunda çıxış edən məruzəçi türk dilinin önəminə geniş yer ayırdı.
Güney Azərbaycanın Xoy şəhərindən olan yazıçı, tərcüməçi Araz Əhmədoğlu “Güneydə dil sorunu” məruzəsini təqdim etdi. Jurnalist Aygün Muradxanlı medianın dili haqqında fikirlərini səsləndirdi. STM-nin baş məsləhətçisi Əfqan Vəliyev və Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı da dilimizin inkişaf perspektivləri barədə fikirlərini bildirdilər.
Rizvan FİKRƏTOĞLU
XQ