Qadın basketbolçularımız ilk Olimpiya komandasıdır
Paris Yay Olimpiya Oyunlarında ölkəmiz ilk dəfə olaraq komanda idman növündə təmsil olunacaq. Bu tarixi uğura 3x3 basketbol üzrə qadınlardan ibarət milli komandamız imza atıb.
Dina Ulyanova, Aleksandra Mollenhauer, Tiffani Heys və Mersedes Volkerdən ibarət millimiz Honkonqda “Paris 2024”-ə vəsiqə verən ilk təsnifat mərhələsində bir-birindən maraqlı oyun nümayiş etdirərək qalib olmaqla yanaşı, həm də Paris Olimpiadasına lisenziya qazanıb.
Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov “XQ”-yə açıqlamasında əldə edilən qələbənin mühüm əhəmiyyətini qeyd etdi. O bildirdi ki, qələbəyə gedən yolda Serbiyadakı təlim-məşq toplanışı və ümumiyyətlə, ötən müddətdə yığmamızın böyük səylə keçdikləri hazırlıq xüsusi rol oynayıb:
– Komandamız basketbolun çox güclü olduğu Serbiyada təlim-məşq toplanışına qatılmışdı. Oradakı təlim-məşq toplanışından sonra qızlarımız Fransadakı beynəlxalq turnirdə iştirak etdilər. Bir neçə gün sonra isə aprelin birinci həftəsində Tailandda Paris Olimpiadasının təsnifat oyunlarına hazırlıq məqsədi daşıyan beynəlxalq turnirdə gücümüzü sınadıq. Millimiz beynəlxalq turniri ikinci sırada tamamladı.
Heyətin gücləndirilməsi məqsədilə Tiffani Heysin artıq Honkonqda heyətə qatıldığını bildirən baş katib qeyd etdi ki, qrup mərhələsinə başlayanda ilk oyunlar, demək olar ki, çox çətin olub.
– Millimiz ilk oyununda Çili seçməsini 17-14 hesabı ilə məğlub etdi. İkinci oyunda isə Monqolustan yığmasına 13-12 hesabı ilə qalib gələrək, adını yarımfinala yazdırdı. Həmin oyunda Heys bir az zədələndi və Niderland komandası ilə oynaya bilmədi. Amma əvvəldən qələbəyə köklənmişdik ki, bu da komandamız üçün əsas idi. Federasiya rəhbərliyi ilə söhbətimizdə daima qalib gələcəyimizi deyirdik. Macarıstanla yarımfinal oyunu çox gərgin keçsə də sonda millimiz 21-19 hesabı ilə qalib gələrək adını finala yazdırdı. Finala çox pis başladıq və 5:0 hesabı ilə rəqib komanda irəli keçdi. Tiffani Heys həmin oyunda çox ciddi zədələnsə də, ümidimizi itirmədik. Tiffaninin olmadığı dəqiqələrdə də qızlar toparlandılar. Komandamız əlavə vaxta gedən final oyununda Polşa millisinə 18-17 hesabı ilə qalib gələrək, “Paris-2024” Olimpiadasına vəsiqə qazandı.
Baş katib onu da vurğuladı ki, Paris Olimpiadasına vəsiqə əldə etməyimiz komandamızın güclü potensialından xəbər verir. Paris Olimpiadasında dünyadan cəmi 8 yığma iştirak edəcək ki, onlardan biri də Azərbaycan komandasıdır. Paris Oyunlarına vəsiqə qazanmaq özü bir qələbədir. Ümid edirəm ki, olimpiadadan medalla qayıdacağıq.
Vüqar Əzimov yığmanın hazırlığına qısa fasilə verəcəklərini bildirdi. Vurğuladı ki, yığmanın Olimpiadaya hazırlığı Serbiyada davam etdirəcəyi planlaşdırılır.
Qeyd edək ki, yığmamızın üzvlərindən biri – 34 yaşlı Dina Ulyanova Bakıda doğulub və Azərbaycanda basketbol oynamağa başlayıb. Karyerasını klub səviyyəsində Rusiyada davam etdirən Dina, hazırda millimizlə yanaşı, “Neftçi” klubunun üzvüdür. 25 yaşlı Aleksandra Mollenhauer Azərbaycan basketbol məktəbinin yetirməsidir. 5 yaşından Bakıda yaşayır. İşlə əlaqədar ABŞ-dan Azərbaycana köçən valideynləri indi də burada işləyirlər. Aleksandra hazırda İspaniyanın “Estudyantes” klubunda oynayır. Onun atası Skott Mollenhauer əvvəllər Azərbaycan klublarında oynamış keçmiş basketbolçu, indi isə qadınlardan ibarət əsas yığmanın köməkçi məşqçisidir.
34 yaşlı Tiffani Heys və 37 yaşlı Mersedes Volker vətəndaşlıq almış amerikalılardır. Onlar 2015-ci il Avropa Oyunlarından sonra Azərbaycan millisində çıxış edirlər.
Qeyd edək ki, Dina Ulyanova, Aleksandra Mollenhauer və Mersedes Volker 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandasının heyətində qalib adını qazanıblar. D.Ulyanova, A.Mollenhauer və T.Heys isə 2022-ci ildə Türkiyənin Konya şəhərində təşkil edilən İslamiadada birinci yeri tutublar.
Leyla QURBANOVA
XQ