Şəhid kəşfiyyatçıların anım mərasimi – ehtiram və öyünc dərsi
1997-ci il aprelin 7-də ordumuzun iki kəşfiyyat qrupu xüsusi tapşırıqla işğal altında olan torpaqlarımıza göndərilir. Qruplar tapşırığı uğurla yerinə yetirirlər. Birinci qrup sağ-salamat geri qayıdır. Lakin düşmən ikinci qrupu aşkarlaya bilir. Kəşfiyyat qrupu işğalçı Ermənistan ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında mühasirəyə alınır. Onlardan təslim olmağı tələb edirlər. Tələb kəşfiyyatçılarmız tərəfindən rədd edildikdən sonra ağır döyüş başlanır.
Qeyri-bərabər döyüşdə kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edirlər. Ancaq aprelin 10-da silah-sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün qumbara ilə özlərini partladırlar. Səkkiz nəfərdən ibarət olan qrupun yeddi üzvü – leytenant rütbəli komandir Elxan Ağayev, leytenant Vüqar Yarəhmədov, kiçik çavuş Anar Rzayev, sıravilər Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov və Fariz Cavadov şəhid olurlar. Bir nəfər – Aqil Əhmədov isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür.
Ermənistanın hərbi-siyasi rəhbərliyi şəhidlərimizin nəşinə qarşı və əsir götürülmüş hərbçimizlə öz xislətinə uyğun olaraq davranır. Təcavüzkar tərəf şəhidlərin meyitlərini verməkdən və əsiri qaytarmaqdan boyun qaçırır. Şəhidlərin nəşini yalnız 1997-ci il oktyabrın 14-də geri almaq mümkün olur. İki gün sonra – oktyabrın 16-da öz canlarını göz qırpmadan Vətən üçün fəda edən cəsur kəşfiyyatçılar İkinci Fəxri xiyabanda təntənəli mərasimlə torpağa tapşırılırlar.
Əsir götürülmüş hərbçimiz isə əvvəlcə Xankəndiyə, sonra İrəvana aparılır. İrəvanda onun üzərində qondarma məhkəmə prosesi başladılır. “Məhkəmə” 1998-ci ilin fevralında A.Əhmədovu saxta ittihamlarla ən ağır cəzaya – güllələnməyə məhkum edir.
Döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının xatirəsi dövlətimiz tərəfindən əziz tutulur. Onların hər biri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il iyunun 24-də imzaladığı fərmanla “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunurlar. Fərmanda onların Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiəsində igidlik və fədakarlıq göstərdiklərinə, Milli Ordunun hərbi hissələri qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə təltif edildikləri qeyd olunur.
Həmçinin Azərbaycan dövlətinin və şəxsən ulu öndər Heydər Əliyevin göstərdiyi böyük səylər nəticəsində, uzun sürən danışıqlardan sonra A.Əhmədov 1999-cu ilin martında əsirlikdən xilas olunaraq Vətənə gətirilir.
***
44 günlük Vətən müharibəsinin ilk dövrlərində azad edilən yaşayış məntəqələrindən biri də Xocavənd rayonunun Hadrut qəsəbəsi oldu. Hadrut 2020-ci il oktyabrın 9-da düşmən əsarətindən qurtuldu. Qəsəbənin strateji əhəmiyyəti sonrakı qələbələrimizdə mühüm rol oynadı. Yeri gəlmişkən, Ermənistanın təbliğat maşınının Hadrutun itirilməsi ilə bağlı bir neçə gün dezinformasiya yayması yəqin ki, hər kəsin yaxşı yadındadır.
Torpaqlarımız işğaldan azad edildikdən sonra qəhrəman kəşfiyyatçıların şəhid olduqları yerin yaxınlığında – Hadrutun ətəklərində onların xatirəsinə “Şəhidlər bulağı” inşa olunub. Burada onların xatirə lövhəsi yaradılıb. Xatirə lövhəsinə şəhid kəşfiyyatçıların fotoları vurulub. Önünə gül dəstələri düzülüb. 2021-ci ildən etibarən hər ilin aprelində – kəşfiyyatçıların düşmənlə ölüm-dirim savaşı apardıqları və şəhid olduqları günlərdə burada anım mərasimləri keçirilir.
Bu il də həmin yerdə anım mərasimi keçirildi. Mərasimdə şəhid kəşfiyyatçıların doğmaları, onların komandiri, ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı” ordenli Xətai Baxışov, Füzuli rayon məktəbliləri və onların müəllimləri, həmçinin Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçuları iştirak edirdilər. Tədbirin əvvəlində ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirildi.
Şəhid kəşfiyyatçıların xidmət etdikləri hərbi hissənin komandiri Xətai Baxışov onların igidliyindən qürur hissi ilə danışdı: “Bu gün burada xatirəsini anmaq üçün toplaşdığımız igidlər mənim ən yaxşı xüsusi təyinatlı kəşfiyyatçılarımdan ibarət dəstəm olub. Onlar o qədər cəsur idilər ki, biz onları “Qorxmazlar dəstəsi” adlandırırdıq. Həmin gün verilən döyüş tapşırıqlarını fərqli istiqamətlərdə yerinə yetirmək üçün iki kəşfiyyat qrupu göndərilmişdi. Onlardan hər ikisi tapşırığı uğurla yerinə yetirmişdi. Qruplardan biri qarşıya qoyulmuş tapşırığa əməl etdikdən sonra sağ-salamat geri qayıtsa da, digər qrupumuz, təəssüf ki, düşmən pusqusuna düşmüşdü. Kəşfiyyatçılarımız düşmənlə sona qədər vuruşmuş, lakin sursatları bitdiyi üçün son çarə kimi özlərini partladaraq, şəhid olmuşlar. Onu da deyim ki, düşmənə əsir düşməmək üçün özlərini kollektiv şəkildə qumbara ilə partladaraq şəhadətə ucalmaq müasir hərb tarixində ilk hal idi”.
Komandir qeyd etdi ki, az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, sayca onlardan qat-qat çox olan və yaxşı silahlanmış düşmənə güclü müqavimət göstərib: “Kəşfiyyat qrupunun müqaviməti və döyüş əzmi düşməni o qədər heyrətləndirir ki, onların komandanlığı öz əsgərlərinə nümunə çəkərək deyiblər ki, əsl kəşfiyyatçı dəstəsi belə olmalıdır. Bu qəhrəmanlıq dastanı Azərbaycan hərbçilərinin Vətənə sonsuz məhəbbət və yüksək sədaqət nümunəsidir”.
X.Baxışov şəhidlərin nəşinin geri alınmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğuladı.
Çıxış edən şəhid ailələrinin üzvləri Prezident, müzəffər Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və ötən il keçirilən bir sutkalıq antiterror tədbirlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunmasını, işğaldakı Vətən torpaqlarının azad edilməsini, bütün şəhidlərin qisasının alınmasını ən böyük təskinlik kimi qiymətləndirdiklərini bildirdilər. Onlar övladlarının, doğmalarının şərəfli döyüş yolu keçdikləri, vaxtilə qanlarının töküldüyü azad edilmiş torpaqlarda bu gün qürurla gəzməyi ən böyük xoşbəxtlik hesab etdiklərini vurğuladılar.
Sonra mərasimdə məktəblilərin hərbi-vətənpərvərlik ruhunda çıxışları oldu. Tədbir xatirə fotosunun çəkdirilməsi ilə başa çatdı.
Tədbirdən sonra şəhid ailələrinin üzvlərinə yaxınlaşaraq onlardan həm övladları barədə məlumat aldıq, həm də təəssüratlarını öyrəndik. Şəhid Anar Rzayevin anası Siyafət Rzayeva dedi: “Biz bura dördüncü dəfədir ki, gəlirik. Birinci dəfə gələndə halım çox pis idi. Elə bilirdim ki, oğlum burada məni gözləyir. Gəlib Anarımı görəcəm. Elə bilirdim oğlum əsirdir... Dövlətimiz sağ olsun ki, hər il bizim bura səfərimizi təşkil edir”.
S.Rzayeva qeyd etdi ki, oğlu Anar 1976-cı ildə Sumqayıtda dünyaya gəlib. Qarabağda müharibənin getdiyi dövrdə Azərbaycan Dövlət Neft Akademiyasında (hazırda Neft və Sənaye Universiteti–S.H.) təhsil alırmış. Ancaq təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb: “Anar dedi ki, analar-bacılar erməni girovluğundadır. Bizim burada qalmağımızın mənası yoxdur, ana. Biz gedib onları da, torpaqlarımızı da azad etməliyik. Şəhidlərin hamısı bizim balalarımızdır. Biz övladlarımızı heç bir şəhiddən ayırmamışıq. Ali Baş Komandanımız, şəhidlərimiz, qazilərimiz olmasaydı, bəlkə də, Vətənimiz əldən gedərdi”.
Daha sonra şəhid kəşfiyyatçıların qrup komandiri olmuş leytenant Elxan Ağayevin qardaşı İlham Ağayevlə həmsöhbət olduq: “Elxan 1973-cü ildə Bakıda anadan olmuşdu. Səkkizinci sinfi bitirdikdən sonra peşə məktəbində oxumuşdu. İdman ustası idi. Taekvondo üzrə qara kəmər qazanmışdı. 1992-ci ildə könüllü şəkildə ordu sıralarına yazılmışdı. Xüsusi hazırlıq kursu keçdikdən sonra ona leytenant rütbəsi verilmişdi. Elxanın döyüş yolu Laçından keçib, Ağdərə şəhərinin alınmasında iştirak edib. Döyüşlərdə fərqləndiyi üçün ona xatirə hədiyyəsi olaraq komandanlıq tərəfindən saat bağışlanmışdı. 1997-ci ildə artıq bölük komandiri idi”.
İlham Ağayev Elxanın həm də dostcanlı, qohumcanlı, yaxşı təşkilatçılıq qabiliyyətinə malik olduğunu vurğuladı: “Ailə məclislərimizin, necə deyərlər, gözü Elxan idi. Çox bacarıqlı idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şükürlər olsun ki, bu yerləri görmək bizə qismət oldu. Ali Baş Komandanımıza minnətdarlığımızı bildiririk”.
Şəhid Nizami Ələkbərovun bacısı Mətanət Əsədova isə dedi ki, qardaşının qismətində şəhidlik zirvəsinə ucalmaq varmış: “Nizami deyirdi ki, torpaqlarımız düşmənin tapdağı altındadır, onu azad etməliyik. Qardaşım dostları ilə birlikdə qəhrəmanlıq göstərərək şəhid olub. Həmin vaxt o, 21 yaşına təzə qədəm qoymuşdu. İstiqanlı gənc idi. Kəndin xeyrindən-şərindən qalmazdı”.
Öyrəndik ki, şəhid qardaşımız 1977-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1996-cı ilin iyununda hərbi xidmətə çağrılıb: “Cəmi dörd il əvvələdək bu yerlərə səfər etmək qeyri-mümkün idi. Allah dövlətimizi var eləsin! Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin!”
Şəhid Dinar Mustafayevin bacısı Şəfəq Mustafayeva da dördüncü dəfədir qardaşının şəhid olduğu yeri ziyarət edir: “Biz qardaşımın şəhid olması xəbərini iki ay sonra öyrəndik. O vaxtadək ondan xəbər tuta bilmirdik. Qardaşım dünyanın acı və şirinliyini dadmamış, 20 yaşında şəhid oldu. Dövlətimiz tərəfindən mənzillə də təmin edildik. Bütün bunlar bizə təsəllidir”.
Ş.Mustafayeva əslən Qərbi Azərbaycandan olduqlarını vurğuladı: “Dinar da 1977-ci ildə Qərbi Azərbaycanda – Göyçənin Gölkənd kəndində dünyaya göz açmışdı. 1984-cü ildə həmin kənddə orta məktəbə getmişdi. 1988-ci ildə biz məlum hadisələrlə əlaqədar Azərbaycana pənah gətirdik. Şəmkir rayonunun Ələsgərli kəndində məskunlaşdıq. 1995-ci ildə Dinar orduya çağırıldı. Xidmət dövründə də dəfələrlə fərqlənib. Qoçaq, istiqanlı oğlan idi. Onun nəşi bizə verilənədək – 1997-ci il oktyabrın 16-dək qardaşımın şəhid olduğuna inana bilmirdik. İnsan yaşadıqca elə bilir ki, dünyanı tutub duracaq. Eləcə də əzizlərimizlə, qardaşımla bağlı bu düşüncədə oluruq. Amma sonra görürsən ki, insanın yaşayışı onun öz əlində deyilmiş... Biz qədər-qismətin, ömür kitabının səhifələrini yaşayırıqmış. Qardaşımın sevdiyi qız var idi, amma qismət olmadı. Onun qisməti ən uca zirvəyə qalxmaq imiş...”
Qrupun sağ qalan yeganə üzvü Aqil Əhmədov isə o məşəqqətli günləri belə xatırlayır: “1997-ci ilin aprel ayı idi. Düşmənlə qeyri-bərabər döyüşdə kəşfiyyat qrupumuzun 7 üzvü şəhid oldu, mən isə ağır yaralanaraq huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götürüldüm. 1998-ci ilin fevral ayında mənimlə bağlı saxta məhkəmə prosesi keçirildi və “bir neçə maddə” ilə mənə ittiham irəli sürərək, güllələnmə cəzası təyin etdilər. Hər dəfə ayaq səsləri eşidəndə, qapı açılanda elə bilirdim ki, məni güllələnməyə aparmaq üçün gəliblər. 1999-cu ilin martında, yəni 1 il 11 aydan sonra əsirlikdən azad edildim”.
O qeyd etdi ki, əsirlikdə olduğu zaman ağır yaralı olmasına baxmayaraq, ermənilər tərəfindən ağır işgəncələrə məruz qalıb. Bunun nəticəsində birinci qrup Qarabağ əlilidir: “Hazırda sağalmaz xəstəliyim var. Ölkə daxilində və xaricdə dəfələrlə müalicə almağıma baxmayaraq, heç bir faydası yoxdur. Ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində 6 ay sonra şəhid qardaşlarımın nəşi düşməndən geri alındı. 1999-cu ilin martında yenə ulu öndərin böyük səyləri nəticəsində mən də əsirlikdən xilas oldum”.
A.Əhmədov onu da bildirdi ki, artıq dördüncü dəfədir bu məkanı ziyarət edir: “Hər ziyarətimdə eyni hissləri yaşayıram. Vətən uğrunda, bayrağımızın uca olması naminə canlarını fəda edən qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Onların məkanları cənnət, məqamları uca olsun!”
Sonra şəhid ailəsi üzvlərinin Şuşaya səfəri təşkil olundu. Şəhərin görməli yerlərində, o cümlədən, İsa bulağında olduq. 1883-cü ildə inşa olunmuş Yuxarı Gövhər ağa məscidində namaz qıldıq.
Bundan sonra Xankəndi şəhərinə yollandıq. Burada 2023-ci il noyabrın 8-də Zəfər paradının keçirildiyi Zəfər meydanında olduq. Səfər şəhərdəki Qarabağ Universitetinin binası ilə tanışlıqla başa çatdı.
Öz qəhrəmanlıqları ilə xalqımızın mübariz ruhunun yüksəlməsinə təkan verən şəhid kəşfiyyatçıların ailə üzvləri ilə geri qayıdarkən qəlbimizdə bu düşüncə hakim kəsilmişdi: Şəhidlərimiz Vətən eşqinə abidə qoyan qəhrəmanlardır. Onlar müharibə alovunda yanan, amma külündən yenidən doğulan xalqın qürur yeri, qəhrəmanlıq rəmzidir. Məhz bu qəhrəmanların misilsiz hünəri gələcəyə yön verdi, nəsillərə Vətəni sevməyi öyrətdi. Müstəqillik dövrünün övladları bu qəhrəmanlıqları görə-görə, öyrənə-öyrənə özləri də qəhrəman oldular. Bu gün Vətənimizin hər yerində qələbə ruhu var. Bu ruhu yaşadan bizim qəhrəmanlarımızın azad etdikləri torpaqlarda qaldırdıqları ay-ulduzlu, üçrəngli Dövlət Bayrağımızdır. O bayraqla bir yerdə bizim Vətən eşqimiz də ucalır. İndi bu eşqin dilimizin əzbərinə çevrilən əbədi həqiqəti var: Qarabağ Azərbaycandır!
Səxavət HƏMİD
XQ
Bakı–Xocavənd–Şuşa–Xankəndi–Bakı