Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
Azərbaycan Turizm və Menecment Universiteti
Azərbaycan Turizm və Menecment Universiteti 2024/2025-ci tədris ili üçün doktorantura və dissertanturaya qəbul elan edir
Azərbaycan Turizm və Menecment Universiteti Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli sərəncamı ilə təsdiq olunmuş plana əsasən 2024/2025-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir. Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədləri 2024-cü il aprelin 16-dan mayın 15-nə dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9.00-dan 17.00-dək ATMU-nun əsas korpusunda Elm və innovasiya şöbəsinə (I mərtəbə, 105-ci otaq) təqdim etmək olar. Sənəd təqdim edənlər üçün elektron formada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin portal.edu.az saytından da qeydiyyatdan keçmək mütləqdir.
Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- ərizə (ATMU rektorunun adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
-elmi rəhbərin razılıq sənədi;
- fəlsəfə doktoru elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (elmlər doktoru proqramı üçün).
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar. Doktoranturanın tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfə fənnindən imtahana buraxılırlar. Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.
Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), müvafiq istiqamət üzrə tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.
Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Qeyd – fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər. Xarici dildən imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il iyunun 9-da keçirilməsi planlaşdırılır.
Sənədlər ayrıca qovluqda müvafiq tələblərə uyğun hazırlanıb şəxsən təqdim edilməlidir.
Azərbaycan Turizm və Menecment Universiteti, Elm və innovasiya şöbəsi, AZ 1072, Bakı, K.Rəhimov küçəsi 822/23-cü məhəllə.
Tel: (+994) 012 564 42 33 (daxili 125)
E-mail: [email protected]