Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başlayır

post-img

Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçiriləcək.

Marafonda iştirak üçün qeydiyyat martın 1-dən aprelin 25-nədək aparılacaq. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.

Bunun üçün Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya onlayn qeydiyyat üçün www.marathon.az saytına müraciət edilməlidir.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün qeydiyyat zamanı ödəniş məbləği 20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə [email protected] elektron poçt ünvanına yazaraq müraciət edə bilərlər. Korporativ müraciətlərdə (hər təşkilatdan minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödənilməlidir. Bakı marafonunda tələbələrin iştirakı ilə bağlı ödəniş Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı vəsait ödəmirlər.

2016-cı ildən təşkil olunan ənənəvi Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. “Küləyə qalib gəl” şüarı altında keçirilən yarımarafon 21 kilometr məsafəni əhatə edir.

Budəfəki marafonun da start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq. Marafonun marşrutu: Dövlət Bayrağı Meydanı - Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.

“Bakı Marafonu 2024”ün mükafatlandırılması iki kateqoriyada olacaq. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq. Bütün marafon iştirakçılarına və yarışın təşkilinə dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılacaq. Burada müxtəlif əyləncə proqramları, yarışlar, idman tədbirləri keçiriləcək.

“Bakı Marafonu 2024”ün eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, SOCAR, Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.

İdman