Keniyanın Baş prokuroru ölkəmizə işgüzar səfərə gəlib

post-img

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Baş Prokurorluq tərəfindən xarici dövlətlərin hüquq mühafizə orqanları ilə hüquqi əməkdaşlıq sahəsində əlaqələrin genişləndirilməsinə xüsusi önəm verilir.

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıblar.

Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüş zamanı Baş prokuror Kamran Əliyev qonaqları salamlayaraq, Azərbaycan və Keniya arasında dostluq və əməkdaşlıq əlaqələrinin günü-gündən genişləndiyini deyib. Ölkələrimiz arasında bu il diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd edilməsini bildirən Baş prokuror, 2022-ci ilin noyabr ayında Azərbaycanın Nayrobidəki Səfirliyinin təsis edilməsini ikitərəfli münasibətlərin yüksələn xətlə inkişafının göstəricisi olduğunu xüsusi vurğulayıb. 

Ölkəmizin prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Keniyanın Baş prokuroru Renson İnqonqa göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, transmilli cinayətkarlığa, o cümlədən terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə və korrupsiyaya qarşı mübarizə sahələrində, həmçinin prokurorların peşə hazırlığı və ixtisasartırma sahəsində təcrübə mübadiləsinin aparılması sahəsində Azərbaycan modelinin öyrənilməsində maraqlı olduğunu ifadə edib.

Kamran Əliyev ötən illərdə Azərbaycanın da terrora məruz qalmış ölkələrdən biri olmasını, Ermənistanın uzun müddət ərzində torpaqlarımızı işğal altında saxlamasını, lakin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ərazilərinin otuz illik işğalına son qoyulduğunu, 2023-cü ilin sentyabr ayında isə ordumuz tərəfindən aparılmış lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu barədə həmkarını məlumatlandırıb. Baş prokuror ölkə rəhbərliyinin diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq bərpa işlərinin aparıldığını bildirərək, keniyalı qonaqları Ağdam rayonuna səfərə dəvət edib. 

Baş prokuror BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) cari ilin noyabr ayında Azərbaycanda keçirilməsini ölkəmizin beynəlxalq nüfuzunun sürətlə artdığının bariz nümunəsi olduğunu bildirib. Renson İnqonqa ətraf mühit və iqlim dəyişmələri məsələlərinin ölkəsi üçün vacib əhəmiyyət kəsb etdiyini, ötən ilin sentyabr ayında Afrika İqlim Sammitinin Keniyada keçirildiyini qeyd edərək, ölkəmizdə baş tutacaq mötəbər tədbirdə aktiv iştirak edəcəklərini vurğulayıb.
 
Kamran Əliyev qonaqlara prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar çərçivəsində “Elektron prokurorluq informasiya sistemi"nin fəaliyyəti barədə məlumat verib. Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi ətrafında müzakirələr aparılıb.

Qonaqlar Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olublar.

Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.













Son xəbərlər