Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi EWF Konqresində iştirak edib

post-img

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Bolqarıstanın paytaxtı Sofiyaya səfər edib.

Federasiyadan “XQ”yə bildiriblər ki, o, Sofiyada keçirilən Avropa çempionatında iştirak edən idmançılarımızın yarışını izləyəcək.

Fevral ayının 17-də keçirilən Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) Konqresində AAF rəhbərliyi - prezident Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudov da iştirak ediblər. Burada gündəlikdə olan bir çox məsələlər ətrafında müzakirələr aparılıb, ağırlıqqaldırma idman növünün bu günü və gələcək perspektivləri diqqətə alınıb, hesabatlar dinlənilib, rəy və təkliflər verilib. 

Konqres zamanı AAF prezidenti Kamran Nəbizadə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Mohamməd Caludla görüşüb. Söhbət zamanı qurumlar arasındakı əlaqələrin möhkəm olduğu bildirilib, bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

AAF prezidenti deyib ki, Azərbaycan idman ölkəsidir və yalnız ağırlıqqaldırma deyil, bütün idman növlərinə dövlət səviyyəsində yüksək diqqət və qayğı var: “Bunun nəticəsində idmançılarımız beynəlxalq arenada mütəmadi qələbələr qazanır, bayrağımızı yüksəldirlər. Onların arasında ağırlıqqaldıranlar da var və federasiyamız bu idman siyasətinin, uğurların davam etdirilməsi üçün bütün səylərini göstərir. Buraya beynəlxalq qurumlarla münasibətlərin sıxlaşdırılması və inkişafı da daxildir ki, proses bundan sonra davam etdiriləcək”.

Görüşdən sonra AAF-ın xüsusi hədiyyəsi - üzərində federasiyanın loqosu olan Azərbaycanın ipək xalçası Mohamməd Calud və EWF prezidenti Antonio Konflittiyə təqdim edilib.

İdman