Azərbaycanın 2024-cü il idman paytaxtı – Quba

post-img

Bu, bölgədə idmanın inkişafını daha da sürətləndirəcək 

I yazı 

Zirvəsi yay-qış qarlı olan möh­təşəm Şahdağın ətəklərində, əs­rarəngiz Qudyalçayın sahilində yerləşən gözəl Qubaya yağmış qar onun təbiətini daha füsunkar etmişdi. Yolumuz bu ecazkar mə­kana idi... 

Quba–Bakı şossesinin 4-cü kilometrli­yində yerləşən Quba Olimpiya İdman Komp­leksinə (OİK) istiqamət alırıq. Məqsədimiz bu bölgənin idman həyatını qələmə almaq, təəssüratlarımızı oxucularla bölüşməkdir. Axı bu günlər Azərbaycan idmanının ürəyi Qubada döyünməyə başlayıb. Qubanın 2024-cü il üçün idman paytaxtı seçilməsi bu gözəl diyar üçün əlamətdar hadisələrdən sayılır. 

Yol boyu bizi “təqib edən” velosiped­çilərlə söhbət etmək fürsətini qaçırmırıq. Təxminən, 20–22 yaşlı gənclərlə maraqlı dialoq alınır. Məramımızdan xəbər tutan sakinlər çox sevinirlər. Çöhrəsi təbəssüm­lü, qonurgözlü, ucaboylu gənc deyir: 

– Qubanın İdman paytaxtı seçilməsindən ən çox təsirlənən, belə demək mümkünsə, qürur hissi keçirən biz sakinlər olduq. Bö­yüklü-kiçikli hamı inanır ki, rayonumuz bu il, sözün həqiqi mənasında, Azərbaycanın id­man paytaxtına çevriləcək. 

Başqa bir velosipedçi də dostunun söz­lərinə qüvvət verir: 

– İdman ruhumuza çox yaxındır. Obaş­dan velosipedli, atlı gəncləri, eyni zamanda, yamaclarda xizək sürənləri, dəstə ilə yürüş edənləri görməyə artıq adət etmişik. Hələ onu demirik ki, nəinki mərkəzdə, əksər kənd­lərimizdə də idmanın bir çox növü ilə məşğul olmaq mümkündür. 

14 hektarlıq ərazini əhatə edən Quba Olimpiya İdman Kompleksindəyik. 1100 nəfər tamaşaçı tutumu olan universal zal, həmçinin güləş və cüdo, kikboks, kara­te, fitnes, bilyard, stolüstü tennis zalları, 6 min 600 nəfər tamaşaçı tutumlu “Arena Quba” futbol stadionu, ayrıca mini-fut­bol, basketbol, tennis və voleybol mey­dançaları, üzgüçülük hovuzu, şahmat və uşaq əyləncə mərkəzləri ilə tanış oluruq. Burada idmançıların hərtərəfli hazırlıq keç­mələri üçün hər bir şərait yaradılıb. Eyni za­manda, istirahət mərkəzi kimi, geniş imkan­lara malikdir. 

İdman Kompleksinin direktoru Cavid Seyidov ötən ilin sentyabrından idman qurğusunda 30-a yaxın təlim-məşq toplan­tısının, zona və regional yarışın, düşərgə­nin keçirildiyini bildirir:

– Kompleks 15 idman növü üzrə məşqlə­rin keçirilməsi üçün lazımı avadanlıqlarla təchiz olunub. Ötən aylar ərzində təşkil olun­muş genişmiqyaslı tədbirlər sırasında Quba və Şimal regionu üçün xüsusi əhəmiyyəti olan bədii gimnastika üzrə 28-ci Azərbaycam birinciliyini, “İdman festivalı 2023”ü qeyd etmək olar. Qubanın idman paytaxtı seçilmə­si rayonda idmanın inkişafına birbaşa təsir göstərəcəkdir. Bu prosesdə Quba OİK tam dəstək göstərəcək. 

Kompleksin həyətində anası ilə gəzişən 7 yaşlı Banu şirin yerli ləhcədə bura stolüstü tennislə məşğul olmaq üçün gəldiyini deyir. 

Son illər rayonda komanda idman növlərinin kütləvi hal alması üçün yara­dılan şərait xüsusi vurğulanmalıdır. Quba Rayon İxtisaslaşdırılmış Olimpiya Ehti­yatları Uşaq-Gənclər İdman Şahmat Mək­təbinin (QRİOEUGİŞM) voleybol üzrə baş məşqçisi Vaqif Amani ilə söhbətimiz də bu mövzuda oldu. Voleybol üzrə 9–10 yaşdan yuxarı qızlar və oğlanlardan ibarət qruplarla məşq keçən mütəxəssis böyük­lərdən ibarət komandanı da çalışdırır:

– Qubalılar idmana çox bağlıdırlar. Pan­demiya səbəbindən yarışların təşkilində boş­luq yaranıb. Rayonumuzun İdman Paytaxtı statusu qazanması yerlərdə bu sahənin inki­şafına əsl töhfə olacaq. Düşünürük ki, bu il Qubada turnirlər daha çox olacaq ki, bu da yarışlarda iştirakımız üçün geniş imkanlar yaradacaq. Ötən ilin dekabrında keçirilən zona birinciliyində oğlanlardan ibarət ko­manda I, qızlarımız isə III yeri tutublar. 

Qubanın Dağlı kəndindən Qələdüzə gedən yolda atletika üzrə 10-12 nəfərlik qrupla dözümlülük məşqləri keçən Vüqar Atayevlə tanış oluruq. V.Atayev Olimpiya Kompleksində məşqçi-müəllim kimi çalı­şır. O qeyd edir ki, atletika üzrə məşqlər, əsasən, Olimpiya İdman Kompleksində keçirilir. Bəzən xüsusi hərəkətlər, məsələn, dözümlülük məşqləri belə enişli-yoxuşlu yollarda təşkil edilir: 

– Qubanın idman paytaxtı seçilməsi üzə­rimizə böyük məsuliyyət qoyur. Ötən il atleti­ka üzrə 2 turnir təşkil etmişiksə, bu il regional səviyyədə çoxsaylı və kütləvi yarışlar keçir­məyi planlaşdırırıq. Bu il, həmçinin marafon yürüşünün təşkilini də düşünürük. Belə yarış­larda həm istedadlı idmançılar üzə çıxır, həm də uşaqlar arasında dostluq əlaqələri yaranır. 

Leyla QURBANOVA
XQ





















İdman