Fərid Qayıbov: İdmanın daha yüksək səviyyədə inkişafı üçün səylərimizi artıracağıq

post-img

“Quba 2024-cü ildə “İdman Paytaxtı” olacaq. Burada il ərzində müxtəlif yarışlar, təlim-məşq toplanışları, təlimlər təşkil ediləcək.

Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Qubada “İdman Paytaxtı”nın açılış mərasimində jurnalistlərə müsahibəsində bildirib.

İdmanımızın ildən-ilə inkişaf etdiyini vurğulayan nazir bunun üçün də dövlət tərəfindən hər bir şəraitin yaradıldığını vurğulayıb. O, qeyd edib ki, Qubada 2003-cü ildə Prezident İlham Əliyev tərəfindən Olimpiya İdman Kompleksinin açılışı olub. Pandemiyadan sonra da müasir standartlara uyğun olaraq bu qurğu yenidən qurulub. İlin yekunlarına görə bu qurğu ən fəal kompleks seçilib.

Fərid Qayıbov digər idman komplekləri üçün də belə işlərin nəzərdə tutulduğunu bildirib:

-Bir çox olimpiya kompleksləri artıq təmir olunub. Azərbaycanda 50-dən çox olimpiya idman kompleksləri fəaliyyət göstərir. İdmanın daha yüksək səviyyədə inkişafı üçün səylərimizi artıracağıq.

Qurum rəsmisi tədbirdə federasiyaların iştirakını yüksək qiymətləndirib. O, Qubada onlarla görüşün keçiriləcəyini deyib. Nazir bildirib ki, bədii gimnastika üzrə milli komandamız hazırda burada təlim-məşq toplanışında iştirak edir. Təqvim planında il ərzində federasiyalar Qubada yarışlar təşkil edəcək. Həmçinin beynəlxalq yarışların da burada keçirilməsi nəzərdə tutulub.

L.Qurbanova

XQ

İdman