Voleybolçularımız EEVZA çempionatına yola düşüblər

post-img

20 yaşadək voleybolçu oğlanlardan ibarət komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün bu gün Polşanın Qojuv-Velkopolski şəhərinə yola düşüb.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən “XQ”yə bildiriblər ki, Səbuhi Əliyevin rəhbərlik etdiyi komandamız Latviya, Ukrayna, Estoniya və ev sahibi Polşa kollektivləri ilə üz-üzə gələcək. Yığmamız ilk matçını yanvarın 11-də Estoniya komandasına qarşı keçirəcək.

Qeyd edək ki, yanvarın 10-14-də keçiriləcək yarış “AVRO-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

U-20 millimizin heyətində Cəlilov Camal, Qəhrəmanlı Rəvan, Quliyev Camal, Qasımov Oqtay, Hüseynli Rəvan, İsmayılzadə Əziz, Qasımov Nihad, Bağırov Ramiz, Əhmədov Səid, Nəbiyev Natiq, Xəlilov Həsən, Hüseynli Kamil, Həsənov Riyad, Hacıyev Azay yer alıblar. 

Oyun cədvəli:
11 yanvar
23:00. Azərbaycan – Estoniya
12 yanvar
20:00. Azərbaycan – Ukrayna
13 yanvar
23:00. Azərbaycan – Latviya
14 yanvar
20:00. Azərbaycan – Polşa

Leyla QURBANOVA
XQ

İdman