Su ehtiyatlarından səmərəli istifadə edilməlidir

post-img

Vaxtında həll edilməmiş problemlər sonradan qlobal fəlakətlərə səbəb olur

Neft-qaz ehtiyatı potensialına görə Xәzәr dәnizi dünyanın ən iri karbohidrogen xammalı mərkəzlərindən biridir. O, mühüm xalq təsərrufatı əhəmiyyətinə malik olub, coğrafi, bioloji və ekoloji cəhətdən bütöv bir sistemdir. Lakin bu sistemi qoruyub saxlamaq o qədər də asan deyil. Çünki hər il dünyada neft və qaza tələbatın artması Xəzərdə neft və qaz hasilatının artırılmasını gündəmə gətirir. Azərbaycanda olduğu kimi Qazaxıstan, Türkmənistan və Rusiyada iri neft-qaz istehsalı mərkəzləri açılıb. Bu mərkəzlərdə həyata keçirilən hasilat isə dənizi çirikləndirir.

Aparılan qazma işləri zamanı təmizləyici qurğulardan qazma məhsulları və çirkab suları çox vaxt dənizə axıdılır. Dalğalar isə onları sahilə gətirir və sahil zolağının torpaq qatının çiriklənməsinə səbəb olur. Bundan başqa, uzun illərdi neft-qaz yataqlarının kəşfi, həmçinin yataqların istifadəsi nəticəsində dənizdə neft quyularının, eskadalarının tikindisi və boru kəmərlərinin çəkilməsi həyata keçirilib. Artiq bu qurğuların çox hissəsinin istifadə müddəti başa çatib. Köhnəlmiş texniki qurğular, batmış gəmilər korroziyaya uğruyaraq dənizi çirkləndirir. Dənizdə fəaliyyət göstərən müəssisələrin balansında olan özüllərin əksəriyyəti istismara yararsız vəziyyətdə dəniz akvatoriyasında atılaraq qalıb. Dənizinin çiriklənməsində neft emalı müəssilərində və quruda fəaliyyət göstərən NQÇİ-lərdə neftlə çiriklənmiş suların tam təmizlənmədən dənizə axıdılması da rol oynayır. 

Qeyd etmək lazımdır ki, çaylar vasitəsilə hər il Xəzərə 40-45 kubkilometr çirkab daxil olur ki, onun da 75-80 faizi Volqa çayının payına düşür. Qalan 20-25 faiz çiriklənmənin mənbəyi Azərbaycan da daxil olmaqla digər Xəzər sahili ölkələridir. 

Yuxarıda qeyd etdiyimiz kimi dənizin ekoloji şəraitinə dəniz səviyyəsinin tərəddüdləri də təsir göstərir. Maraqlıdır ki, dənizin səviyyəsinin qalxma və enmə prosesi isə son vaxtlarda intensiv hal alıb. Xəzər dənizi səviyyəsinin dəyişməsi  sahil zonasında həmişə sosial-iqtisadi və ekoloji problemlər yaradib. Məsələn, səviyyənin endiyi hallarda bütün hidrotexniki qurğuların, o cümlədən limanların, yenidən tikilməsinə ehtiyac yaranır. Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, balıqların kürü tökmək üçün çaylara keçməsinə əngəl yaranır. Bu zonanın hidrometeoroloji rejimində də mənfi dəyişikliklər baş verir. Səviyyənin qalxdığı hallarda da sahil zonasının sosial-iqtisadi həyatına külli miqdarda ziyan dəyir, ekoloji şərait pisləşir, bataqlıqlar yaranır, evlər və torpaqlar su altında qalır. Məsələn, 1978-1995-ci illərdə səviyyənin 2,5 m qalxmasından Azərbaycan sahil zonasında "ekoloji qaçqınlar" yaranmışdır. Səviyyənin bu qalxmasından Azərbaycana birbaşa dəyən ziyanın miqdarı 2 milyard ABŞ dollarıdır.

Sonrakı dövrdə isə dəniz səviyyəsi yenidən aşağı düşməyə başladı. Nəticədə geniş sahələr yenidən açıqda qaldı. Alimlərin bildirdiyinə görə, bu proses tsiklik xarakter daşıyır. Yenidən dənizin səviyyəsi qalxacaq. Bu isə geniş sahil ərazilərin, o cümlədən neftlə çirklənmiş ərazilərin sualtında qalması deməkdir. Quruda isə kifayət qədər neftlə çirklənmiş sahələr var. Hazırda Xəzər dənizinin ekoloji təhlükəsizliyini təmin etmək üçün neftlə çiriklənmiş ərazilərin təmizlənməsi, çiriklənmiş göllərin qurudulması günün vacib məsələrindən biridir. Böyük məbləğ tələb etsə belə. 

Beləliklə, dənizdə çirklənmənin əsas dörd mənbəyi mövcuddur: çaylarla gələn çirkləndiricilər, şəhərlərin və sənaye obyektlərinin çirkləndiriciləri, neft hasilatı və nəqli ilə bağlı çirklənmə və dənizin səviyyəsinin artması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən qaynaqlanan çirklənmə.

Bunların nəticəsində keçmişdə dünyada ən məhsuldar su hövzələri arasında duran Xəzər dənizi son onilliklərdə öz öncül mövqeyini tamam itirib. Xəzər isə qapalı ekosistem olduğu üçün onun yalnız neft tulantıları vasitəsilə çirklənməsi kifayətdir ki, o "canını tapşırsın" - "ölsün". 

FUANA VƏ FLORA TƏHLÜKƏ QARŞISINDADIR 

Su mühitinin Xәzәrsaһili ölkәlәrin neft һasilatını artırması nәticәsindә ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir. Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri, xlor üzvi birləşmələri və ağır metalları göstərmək olar. Kimyəvi maddələr suyun və qruntun tərkibini dəyişdirir. Bu da öz növbəsində Xəzər dənizinin flora və faunasına öldürücü təsir göstərir. Zəhərli maddələr balıqlar üçün yem ehtiyyatını tükədir, oksigen aclığı yaradır Bunlar genlərdə dəyişikliklərə səbəb olur ki, onlar da rüşeymləri məhv edir, irsiyyət və nəsil artma kimi bioloji funksiyaların pozulmasına şərait yaradır. Xəzər dənizin neftlə çiriklənməsi ilə yanaşı çayların da gәtirdiyi çirkab sularını da nәzәrә alsaq vəziyyətin ürəkaçıcı olmaması ortaya çıxar. Problemin əmələ gəlməsində bioloji çirklənmənin də payı var. Söhbət Volqa-Don kanalı vasitəsilə Azov-Qara dəniz hövzəsindən gələn yad orqanizmlərdən gedir. Belə ki, Türkmənistana aid sektorda meduzalar (aurella aurita, mneniopsis leudyi) aşkar edilib. Bu meduzalar Xəzərdə çoxalaraq vətəgə əhəmiyyətli iri balıqların qidasını yeyib tükəndirir. Məsələn, bu meduzalar kilkə ilə qidalanırlar. Kilkənin azalması paralel olaraq onlarla qidalanan müxtəlif su heyvanlarının sayca azalmasıyla nəticələnir. 

Unutmayaq ki, Xəzər yeganə dənizdir ki, nərə balıqlarının böyük ehtiyatı (təxminən 95 faizi) burada cəmləşib. Məlumdur ki, nərə balığı dünya bazarında çox qiymətli sayılan qara kürünün "istehsalçısıdır". Onların ehtiyatı azalıb.

Dənizdə balıqların azalmasına təsir edən digər amil iqlim dəyişikliyidir.

Bildirilir ki, iqlim dəyişiklikləri nəticəsində Xəzər dənizinin nəinki Azərbaycan sektorunda, ümumiyyətlə, bütün Xəzər dənizi akvatoriyasında suyun temperaturu həm üst, həm də orta təbəqədə 4–5 dərəcə artıb. Nisbətən konservativ və dəyişilməz, dibə yaxın olan təbəqə sulfur təbəqəsidir. Suyun temperaturunun bu cür qalxması zooplanktonları yandırır. Bir tərəfdən yayda günəşin şüalanması da artır. Onların azalması zooplanktonla qidalanan xırda balıqların populyasiyalarının, əsasən də kilkələrin sayının azalmasına səbəb olub. Çünki kilkələr Xəzər ixtiofaunasının təxminən 60 faizini təşkil edir. Xırda balıqlarla qidalanan digər balıqlar, yəni yırtıcı balıqlar – nərə balığı, qızılbalıq, siyənəkkimilərin ehtiyatları dəfələrlə azalıb. Dənizin səviyyəsi 2005-ci illə müqayisədə 1,5 metr enib. Son illərdə Kürün axar həcmi 40–50 faiz azalıb. Volqa çayında da həmin proses müşahidə olunmaqdadır. Belə vəziyyətdə balıqlar çaya girib kürü tökə, çoxala bilmirlər. Bu, yaxın illərdə bəzi balıqların yox olmasına da səbəb ola bilər.

Məsələn, Xəzər dənizində nərəkimilərin ehtiyatı son 15-20 ildə kəskin azalıb: 90-cı illərdə brakonyerlik nəticəsində bu balıqlar həddindən artıq ovlanıb. Digər tərəfdən, kürütökülən əksər çaylarda və hər şeydən əvvəl Kür çayında bəndlər salınıb. Xəzər dənizi də çirkləndirilib.

Halbuki, 1970-ci illərin ortalarında Xәzәrdә 27 min ton nərə balığı ovlanırdısa, son illərdə  bu göstəricə dəfələrlə aşağı düşüb. Rəsmi açıqlamaya görə, 2023-cü ilin doqquz ayında Azərbaycanda nərə balıqlarının kürüsünün sənaye istehsalı cəmi 414 kq olub. Dövlət Gömrük Komitəsi (DGK) bildirir ki, bu ilin səkkiz ayında Azərbaycan xaricə təxminən 400 kq nərə balığı kürüsü ixrac edərək 345 min 270 ABŞ dolları gəlir götürüb. (863 dollar/kq) Məhsul Rusiya (170 kq), ABŞ (120 kq), BƏƏ (50 kq) və Sinqapur (20 kq) şirkətlərinə satılıb.

2022-ci ildə isə Azərbaycanda 915 kiloqram qara kürü istehsal edilib ki, bunun da 430 kiloqramı xaricə göndərilib. 

Bunlar da əlavə tədbirlər görməyi gündəmə gətirir. Məsələn, balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib və sentyabrın 1-dək davam edib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olanlar barəsində qanunamüvafiq tədbirlər görülür.
Xidmət rəsmisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb. 

Beləliklə, Xəzərin çirklənməsi nəticəsində yalnız nərə balıqlarının sayı azalmır, eyni zamanda digər qiymətli balıqlar da azalır. Hər il Xəzər dənizində yüzlərlə suitinin ölməsi də dənizin ekoloji durumunun ağırlığından xəbər verir.

XƏZƏR DƏNİZİNİN EKOLOJİ MÜHİTİNİN MÜHAFİZƏSİ SİSTEMLƏRİ

Aydındır ki, Xəzər dənizini taleyin hökmünə buraxmaq olmaz. Bu baxımdan bir sıra beynəlxalq konvensiyaların tələblərinə ciddi əməl olunmalıdır. Onlardan biri də “Xəzər dənizində dəniz mühitinin mühafizəsi haqqında” çərçivə konvensiyasıdır. Bu konvensiyaya görə hər bir tərəf , o cümlədən Azərbaycan dəniz mühitinin qorunması məqsədilə öhtəlik götürüb. Ölkəmiz bu öhtəliyi yerinə yetirir. İlk növbədə dənizə axıdılan çirkab sularınının, atmosferə buraxılan zəhərli qazların qarşısı alınır, neft və neft məhsulları ilə çiriklənmiş torpaqlar təmizlənir. Qeyd edək ki, qurudulması mümkün olmayan göllərin təmizlənməsi və əhali üçün istirahət zonasına çevrilməsi istiqamətində layihələr həyata keçirilir.

Xəzər dənizinnin ekologiyasını qorumaq üçün dəniz obyeklərindən atmosferə atılan səmt qazının miqdarının azaldılması istiqamətində də müəyyən işlər görülür. Vaxtilə atmosferə gün ərzində milyonlarla kub metr səmt qazı atıldığı halda, indi onlardan məqsədyönlü istifadə olunur. Bakı buxtası və Cilov adası ərazilərində batmış və yarımbatmış gəmilərin, istifadəsiz estakadaların, yanalma körpülərinin və atılıb qalmış dəmir beton konstruksiyaların dənizdən çıxarılıb. Bu işlərə isə külli miqdarda vəsait xərclənir. Halbuki, Abşeron yarımadasında Sovet dövründə 1,5 milyard ton neft çıxarılıb və ondan əldə olunan təqribən 400-500 milyard dollar pulun çox hissəs Moskva tərəfindən mənimsənilib və onun neqativ nəticələrini aradan qaldırmaq isə bizə düşüb. 

Aydındır ki, Xəzər dənizinin ekoloji təhlükəsizliyini, təmizliyini yalnız Azərbacan tərəfinin gördüyü işlərlə təmin etmək mümkün deyil. Xəzərə yalnız bir ölkənin yox, 5 sahilyanı ölkənin qayğı göstərməsi vacibdir. 

Vaxtilə ABŞ prezidenti olmuş Con Kennedinin dediyi "Coğrafiya bizi qonşu, tarix bizi dost, iqtisadiyyat bizi tərəfdaş, zərurət isə müttəfiq etdi" fikirləri bu gün nə qədər real və zəruri səslənir. 

Pünhan ƏFƏNDİYEV

XQ

 

 

 

Ekologiya