Cüdo üzrə Təlim-Məşq Mərkəzində media tur

post-img

Dekabrın 27-də cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində media turu təşkil olunub.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu ümumi ərazisi 2,2 hektar olan idman qurğusunda yaradılan şəraitlə bağlı mətbuat nümayəndələrinə məlumat verib. Qeyd edilib ki, federasiya mərkəzdən Gənclər və İdman Nazirliyi ilə birgə istifadə edir. Məşq zallarındakı tatamiyə yaylı sistemin quraşdırıldığını sözləyən baş katib bunun zədələrin qarşısını almağa kömək etdiyini deyib. Kişilərdən ibarət komanda üçün nəzərdə tutulan tatami beynəlxalq təlim-məşq toplanışları təşkil etmək baxımından standartlara uyğundur. Bildirilib ki, kişilər və gənc oğlanlar üçün nəzərdə tutulan məşq zalında eyni vaxtda 100 idmançı məşq edə bilir.

Məlumat verilib ki, mərkəzdə fiziki hazırlıq zalı, məşqçilərin otaqları, 28 yerlik müasir otel bölməsi var. Burada, eyni zamanda idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün lazımi cihaz və avadanlıqlarla təchiz olunan həkim otağı, fizioterapiya və masaj otaqları fəaliyyət göstərir. İdman qurğusunun uzunluğu 96 metr və eni 72 metr olan stadionun süni ot örtüyü dəyişdirilib, müasir işıqlandırma sistemi ilə təchiz olunub.

Qeyd edək ki, son illər ərzində regionlarda da cüdo üzrə infrastruktur təkmilləşdirilib. Bu il ərzində Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonu Ağalı kəndi, Sabirabad, Zirə və Sumqayıtda cüdo zalları istifadəyə verilib, bir neçə şəhər və rayonlarda isə zalların təmiri davam etdirilir.

XQ

İdman