Heyrətamiz gözəlliyi ilə göz oxşayan, gimnastların məşqləri üçün hər bir şəraiti olan Milli Gimnastika Arenasında (MDA) bu günlər Gəncə, Masallı və Lənkəran Olimpiya idman komplekslərinin bədii gimnastika bölməsinin üzvləri təlim-məşqlər keçirlər.
Zalda 8-13 yaşlı gimnastlar musiqi sədaları altında əşyasız, eləcə də gürzlər, top, halqa, lentlərlə müxtəlif gimnastika və rəqs hərəkətləri, elementləri yerinə yetirdikcə özlərini peşəkar idmançı kimi hiss edirlər. Qızlar yorulmaq bilmədən sonadək verilən tapşırıqları dəqiq yerinə yetirmək üçün böyük səy göstərirlər.
Məşqdən sonra 8 yaşlı Cansu Həmidzadəyə yaxınlaşırıq. Masallı təmsilçisi artıq 2-ci dəfədir ki, burada məşq edir:
– Burada zal çox böyük və gözəldir. Bir ildir ki, bədii gimnastika ilə məşğul oluram. Əşyalardan topla hərəkətlər daha çox xoşuma gəlir. Arzum böyük yarışlara qatılmaq və yaxşı nəticələr qazanmaqdır.
Lənkəran Olimpiya Kompleksinin yetirməsi Mədinə Hüseynova 7-ci sinifdə oxuyur. İdmanla məşğul olmaq dərslərinə mane olmur. Bədii gimnastika ilə 8 yaşdan məşğul olur:
– Gimnastika ilə məşğul olmaq insana xüsusi zövq verir. Məşqlərə böyük həvəslə qatılıram. Bir sıra yarışlarda nailiyyətlər də qazanmışam. Burada məşqlər çox xoşuma gəlir. Milli Gimnastika Arenası möhtəşəmdir. Zal geniş və işıqlıdır.
Gəncəli Mətanət Namazlının 13 yaşı var. 9 yaşdan bədii gimnastika ilə məşğul olur. Deyir ki, gimnastikaya maraq yarışlardan yaranıb:
– Uşaqlıqdan gimnastika yarışlarına baxmağı xoşlayırdım. Çox istəyirdim ki, lent, top və digər alətlərlə hərəkətləri öyrənim, onları əsl gimnastlar kimi məharətlə icra edim. Valideynlərim bu istəyimi nəzərə alıb məni gimnastika məşqlərinə yazdırdılar. Artıq 4 ildir ki, bədii gimnastika ilə məşğul oluram və nəticələrim var. Ustalığımı artırmaq üçün ciddi səy göstərirəm. Milli Gimnastika Arenasında məşq etmək bizə xüsusilə zövq verir.
Masallı və Lənkəran Olimpiya idman komplekslərinin bədii gimnastika üzrə məşqçisi Mərziyə Mustafazadə “XQ”yə açıqlamasında bildirdi ki, Masallıda 35, Lənkəranda 40-a yaxın idmançı bədii gimnastikanın sirlərinə yiyələnir:
– Təmsilçilərimiz artıq bir sıra yarışlara qatılaraq nailiyyətlər də əldə ediblər. Ülkər Quliyeva keçən il I beynəlxalq “Ocaq kuboku”nda 1-ci yeri tutub. Mədinə Hüseynova isə “Ocaq” Sport Klubunun açıq birinciliyində 3-cü nəticə göstərib. Təmsilçilərimiz, həmçinin bölgələrarası kubok yarışlarında da yüksək səviyyədə iştirak edirlər. Hazırda rəhbərliyim altında istedadlı gimnastlar yetişir. MDA-da təlim-məşqlərdə gimnastlarımız böyük həvəs və maraqla məşq edirlər. Onlar özlərini burada əsl peşəkar gimnastlar kimi hiss edirlər.
Gəncə Olimpiya İdman Komleksinin və Gəncə Olimpiya İdman Klubunun məşqçisi Nurcahan Əliyeva birgə təlim-məşqə 10 gimnastla qatıldıqlarını bildirdi:
– Gəncədə son illər bədii gimnastikanın inkişafı və kütləviləşməsi istiqamətində məqsədyönlü işlər aparılır. Hazırda Olimpiya kompleksi və klubda ümumilikdə 40-50 arası gimnast bu idman növünün sirlərini öyrənir. I beynəlxalq “Ocaq kuboku”nda Nazlı Məmmədzadə qalib adını qazanıb. Aylin Novruzova gümüş, Nəzrin Məmmədova bürünc medala, Əfruz İbrahimova taca sahib olublar. Nazlı Məmmədzadə II beynəlxalq “Ocaq kuboku”nda 3-cü yeri tutub. MDA-da məşqlərimiz üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, arenada təlim-məşqlər noyabrın 25-dək davam edəcək. Hazırlığın təşkilində əsas məqsəd regionlarda gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlığının daha da gücləndirilməsidir.
Q.LEYLA
XQ