"MUROV AZ TERMİNAL" klubu tarix yazır

post-img

Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunda (Beach Volley European Cup) mübarizə aparan komandamız yarışın qalibi olub. Azərbaycan Voleybol Federasiyasında XQ-yə bildirilib ki, yarımfinal matçında Fransanın "MONTPELLİER Beach Volley" komandasına qalib gələn "MUROV AZ TERMİNAL" klubu finala yüksəlib. 

Yarımfinal görüşündə komandalar arasında keçirilən iki oyundan birində rəqib, ikincidə isə "MUROV AZ TERMİNAL" qalib gəlib. Ardınca qalibi müəyyən etmək üçün keçirilən qızıl setdə 15:10 hesabı ilə üstün olan təmsilçimiz Avropa Kubokunda finala yüksəlib.

Azərbaycan təmsilçisi çempionluq uğrunda matçda ev sahibi Türkiyənin  "TVF Spor Lisesi SK ANKARA" klubu ilə üz-üzə gəlib.

Komandalar arasında keçirilən iki oyundan birində ev sahibləri, ikincisində isə təmsilçimiz qələbə qazanıb. Kubokun qalibi isə qızıl setdə müəyyənləşib. 15:10  hesabı ilə qalib olan "MUROV AZ TERMİNAL" Avropa Kubokunun sahibi olub. 

Beləliklə, təmsilçimiz çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunu (Beach Volley European Cup) qazanıb. 

Qeyd edək ki, "MUROV AZ TERMİNAL" çimərlik voleybolunda Azərbaycana CEV-in təşkilatçılığı ilə keçirilən yarışlarda ilk qızıl medalı qazandırıb.

 

Elçin ABBASOV

XQ

İdman