22 oyun – 22 qələbə!

post-img

Dünya qadın voleybolunda Türkiyə dövranı

Türkiyənin qadınlardan ibarət milli voleybol komandası son 3 ayda beynəlxalq meydanda iştirakçısı olduğu 3 mötəbər yarışda bir dəfə belə uduzmayaraq, üst-üstə 22 oyunun hamısından qələbə ilə ayrılmışdır. Bu, ən şirin yuxunu da üstələyə biləcək ağlagəlməz, fantastik nailiyyətdir. Tarixi uğurun Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə təsadüf etməsi isə gözəl və qüdrətli ölkənin vətəndaşları, bütün türk dünyası üçün ikiqat fərəhli hadisədir.

Zəhra Günəş, Eda Erdem, uzaq Kubada doğulub hazırda Türkiyə vətəndaşı olan Me­lissa Varqas, Ebrar Karakurt, İlkin Aydın, Dərya, Ayça, Küb­ra və onların rəfiqələri italiyalı baş məşqçiləri Daniele San­tarellinin rəhbərliyi ilə əsl us­talıq, əzmkarlıq və fədakarlıq nümunəsi göstərmişlər. Tür­kiyə öz voleybol şahzadələri ilə fəxr edə bilər!

“Ay-ulduzlar” əvvəlcə iyul­da ABŞ-ın Arlinqton şəhərində keçirilmiş Beynəlxalq Voleybol Federasiyasının Millətlər Liqa­sı turnirində fərqlənmişlər. Fi­naladək bütün rəqibləri üzərin­də üstünlüyünü inamla sübuta yetirən Türkiyə millisi həlledici görüşdə Çin komandasına da heç bir ümid yeri qoymamış (3:1) və okeanın o tayından vətənə qızıl medalla qayıt­mışdır. Bununla da Türkiyə kollektivi öz tarixində ilk dəfə dünyanın ən yaxşı komandası olması münasibətilə təbrikləri qəbul etmişdir. Həmin müvəf­fəqiyyət həm də Türkiyə milli­sini dünya reytinq cədvəlində ilk dəfə zirvəyə, birinci pilləyə yüksəltmişdir.

Avqustda Belçika, İtali­ya, Estoniya və Almaniyanın birgə təşkil etdikləri Avropa çempionatında da baş rolda Türkiyə komandasını gördük. İlkin mərhələdə Azərbaycan millisi ilə eyni qrupda çıxış edən və yenə də bir görüşdə belə uduzmayan bu səmimi və mübariz kollektiv sonadək məğlubiyyətsiz oyunlar seriya­sını davam etdirməyi bacardı. Yarımfinalda Avropa çempio­nu İtaliya, finalda isə 2019-cu ilin qitə çempionatının qalibi və 2022-ci ilin dünya çempi­onu Serbiya voleybolçuları üzərində çətin, amma çox la­yiqli qələbələr (hər iki oyunda 3:2 hesabı qeydə alınmışdır) türkiyəli voleybol ustalarının böyük uğurunun bəzəyinə çevrildi. Qızlar bu dəfə ölkələ­rinə Avropa çempionu adını qazandırdılar.

Sentyabrın 16-da Yapo­niyada starta çıxıb, yenicə fi­nişə çatmış və “TRT Spor”un sayəsində Türkiyə voleybolçu­larının keçirdikləri bütün yeddi görüşü maraqla izlədiyimiz 2024-cü il Olimpiya oyunla­rının təsnifat turniri də böyük zəfərlə yadda qalacaq. Tür­kiyə kollektivi səkkiz koman­danın Paris Olimpiadasına iki vəsiqə uğrunda mübarizə apardığı yarışda bütün rəqib­lərini – meydan sahibləri Ya­poniya idmançılarını, Argen­tina, Braziliya, Puerto-Riko, Bolqarıstan, Peru və Belçika komandalarını məğlubiyyətlə barışmağa məcbur etdilər. Nə­ticədə sanki birnəfəsə qazanı­lan olimpiya lisenziyası təmin edildi.

Gündoğar ölkədə möh­təşəm zəfərdən sonra Türkiyə komandası öz tarixində üçün­cü dəfə Olimpiya oyunlarının iştirakçısı olacaq. Əvvəlki olimpiadalarda komanda fəxri kürsüdən kənarda qalmışdır. Gələn il isə Türkiyə, Azərbay­can, bütün türk dünyası 2023-ün voleybol qəhrəmanlarından olimpiya medalı gözləyəcək­lər. Elə qeydlərimizi də məğ­lubedilməz komandaya ən xoş arzularla yekunlaşdıraq.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman