Azərbaycan parataekvondo millisi Meksikanın Verakrus ştatında keçirilən dünya çempionatında 2 medal qazanıb.
Təmsilçimiz İmaməddin Xəlilov (K-44) dünya çempionu tituluna sahib olub. 70 kiloqram çəkidə qüvvəsini sınayan idmançı ilk döyüşündə ispaniyalı parataekvondoçu ilə üz-üzə gəlib. Həmyerlimiz dünya və Avropa çempionunu 7:3 hesabı ilə məğlub edib. O, ardınca gürcüstanlı idmançını mübarizədən kənarlaşdırıb – 16:2. İmaməddin yarımfinalda Kuba təmsilçisi ilə döyüşüb. Gərgin keçən görüşdə yığma üzvü 12:9 hesabı ilə qələbə qazanıb.
Parataekvondoçumuzun finalda rəqibi özbəkistanlı olub. Xəlilov bu dəfə 5:2 hesabı ilə qalib gələrək, dünya çempionu adına yiyələnib və Meksikada Azərbaycan himnini səsləndirib.
Komandamızın digər üzvü Əbülfəz Abuzərli (80 kq, K-44) də fəxri kürsüyə yüksəlib. O, yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub.
Dünya çempionatındakı uğur parataekvondonun Yay Olimpiya Oyunlarına daxil edilməsindən sonra ilk qızıl medal kimi tarixə düşüb.
Leyla SABİRQIZI
XQ