Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatında tarix yazıblar. Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda müstəqillik tariximizdə ilk dəfə yunan-Roma güləşi üzrə Eldəniz Əzizli (55 kq) üçqat dünya çempionu titulunu qazanıb. Bu nailiyyətə Məhyəddin Allahverdiyev 1980-ci illərdə - SSRİ dövründə sahib çıxmışdı.
Güləşçimiz bu böyük qələbəni 1 günlük antiterror əməliyyatlarında möhtəşəm uğur qazanan Azərbaycan hərbçilərinə həsr etdiyini deyib:
– Müəyyən zədələrim var idi. Buna baxmayaraq, 3-cü dəfə dünya çempionu ola bildim. Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm. Biz burada qalib gəldik, onlar isə döyüş meydanında. Əlbəttə, sinəmdəki zədə mənə çətinlik yaradırdı. Sümüyüm sınmışdı. Tam bərpa olunmasa da, yenə də bacardım. Rəbbim bu qələbəni mənə nəsib etdi. Dördüncü dəfə dünya çempionu olmağa çalışacağam.
Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün qürur mənbəyidir. Azərbaycanda elə gözəl gənc nəsil yetişib ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında.
Dünya çempionatında daha bir güləşçimiz – Rafiq Hüseynov (82 kq) fəxri kürsünün ən yüksək pilləsində yer aldı. İkinci dəfə dünya çempionu tituluna yiyələnən pəhləvanımızın şərəfinə Azərbaycan bayrağı yüksəklərdə dalğalandı, Dövlət himnimiz səsləndirildi. Güləşçi finaldan əvvəl atası – şəxsi məşqçisi olan Radik Hüseynovla video bağlantı ilə söhbət etdiyini bildirib:
– Həm ondan, həm də milli komandanın məşqçilərindən müəyyən tapşırıqlar aldım. Qərara gəldik ki, ikinci hissədə parter qazanım. İranlı güləşçinin fəndi boş icra etdiyini bilirdim. Bu vəziyyətdə onu tutub, vaxtından əvvəl qələbə qazanmaq istəyirdim. Təbii ki, təhlükəli vəziyyət idi. Amma idman riski sevir. Risk etdim və istədiyimə nail oldum. Qalib ölkənin qalib idmançısı olmaq xüsusən qürurvericidir.
Rafiq Hüseynov onu da qeyd edib ki, 28 il əvvəl ikinci dəfə dünya çempionluğunun sevincini yaşadığı gün atası onu güləş zalına gətirib:
– Güləşə gəldiyim gün 2-ci dəfə dünya çempionu adına sahib oldum. Olimpiada haqqında hələ fikirləşmək istəmirəm. Qismətimdə varsa, Olimpiya Oyunlarında iştirak edəcəyəm. Karyeramdan narazı deyiləm. Əlbəttə, Olimpiya çempionu olmaq istərdim. Ancaq bu uğur mənə nəsib olmasa da, məyus olmayacağam.
Mundialda gümüş medal və Paris Olimpiadasına lisenziya qazanan Sənan Süleymanov (77 kq) bu yarışın onun üçün çox vacib olduğunu bildirib. Qeyd edib ki, bundan əvvəl bir neçə yarışda müəyyən səbəblərə görə nəticə verə bilməyib:
– Düzdür, olimpiadaya vəsiqə əldə etməklə yanaşı, həm də arzum dünya çempionu olmaq idi. Bu yarışa çox yaxşı hazırlaşmışdım. Amma gümüş medal da pis nəticə deyil. İndi əsas hədəf Paris Yay Olimpiya Oyunlarıdır. Çalışacağam ki, Azərbaycanı Olimpiadada layiqincə təmsil edim”.
Dünən Azərbaycanın daha 3 yunan-Roma güləşçisi dünya çempionatında bu gün mübarizəyə qoşulub. Millinin heyətində mundialda Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) yarışıblar.
Dünən Azərbaycanın 3-cü güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Belə ki, 20 yaşlı güləşçimiz Həsrət Cəfərov (67 kq) dünya çempionatında finala yüksəlməklə olimpiadada iştirak hüququ əldə edib. Avropa çempionu yarımfinalda Ermənistan təmsilçisi Slavik Qalstyana 5:3 hesabı ilə qalib gəlib.
Komandamızın digər üzvü Murad Məmmədovun (63 kq) da çıxışı uğurlu alınıb. 28 yaşlı idmançı yarımfinalda yerli komandanın üzvü Georgi Tibilovu 4:1 hesabla məğlub edərək finala yüksəlib. Hər iki idmançı bu gün həlledici mərhələdə mübarizə aparacaq. 87 kq çəkidəki təmsilçimiz İslam Abbasov isə bürünc medal şansını davam etdirir. O, təsəlliverici görüşdə mübarizə aparacaq.
Leyla QURBANOVA
XQ