ABŞ Senatının Beynəlxalq əlaqələr komitəsinin sədri Robert (Bob) Menendez yenə də qanunun toruna ilişib. Özü də tora tək düşməyib, erməni arvadı Nadin Arslanyan da korrupsiyada ittiham olunur. ABŞ Ədliyyə Nazirliyi cümə günü elan edib ki, 2006-cı ildən Nyu-Cersi ştatını Senatda təmsil edən Bob Menendez Misir hakimiyyətinin xeyrinə göstərdiyi köməkliyin müqabilində rüşvət alıb. Azərbaycanı hər fütsətdə tənqid edən, erməniləri dəstəkləyən demokrat-senator indi qanun qarşısında cavab verəcək. Amma indi bir çoxlarını belə sual düşündürür: 50 illik siyasi karyerasında saysız-hesabsız qalmaqallar olan bu rüşvətxor senator bu dəfə də özünü necə “sudan quru” çıxaracaq?
Nüfuzlu “Politico” jurnalı yazır ki, Nyu-Cersi ştatının yüksək səviyyəli senatorunun – böyük nüfuz sahibi olmaqda və Nyu-Cersidəki potensial rəqiblərini qorxutmaqda davam edən demokratın siyasi karyerası təxminən 50 ili əhatə edir və korrupsiya iddialarında ittihamların ədalətli payı çoxdur. Jurnal xüsusilə vurğulayır ki, B.Menendez Manhettendən Hudzon çayının o tayında yerləşən, şeflik və korrupsiyanın siyasi mədəniyyətə dərin kök saldığı Hudzon qraflığından gəlir. Buna görə də, “Politico” hesab edir ki, B.Menendezə qarşı irəli sürülən ikinci ittiham aktı bu məlumatı yaxşı tamamlayacaq.
Xatırladaq ki, kubalı mühacirlərin övladı olan B.Menendez 1974-cü ildə ilk məktəb şurası kampaniyasını apararaq, yerli siyasi patron hesab edilən şəhər meri Uilyam Mustonun rəhbərliyi altında siyasət aləmində ilk kiçik addımlarını atmağa başlayıb. Amma sonra B.Menendez siyasi ustadı sayılan merlə və müttəfiqləri ilə üz-üzə gəlib, mer Mustonun yenidən mer postuna namizədliyinə qarşı çıxıb. Hətta meri korrupsiyada ittiham edib və məhkəmədə U.Mustoya qarşı ifadə vermək üçün ədalət zalına gülləkeçirməz jiletlə gəlməsi diqqət çəkib. Bəli, naşükür adamlardandı “Süngər Bob”. Bir vaxtlar ona, necə deyərlər, çorək verən merin üzünə durub.
1986-cı ildə doğulduğu Union City şəhərinin meri seçilən B.Menendez daha sonra əyalət Assambleyasında xidmət etməyə başlayıb. 2005-ci ildə Nyu-Cersi ştatının qubernatoru seçildikdən sonra Senatda çalışdığı ştatı təmsil edib. O vaxtdan indiyədək ermənipərəst senator korrupsiyada ittiham olunub, adı müxtəlif qalmaqallarla hallanıb. Məsələn, 2015-ci ildəki prokurorlar bildirmişdilər ki, B.Menendez Floridada yaşayan oftalmoloq Salomon Melgendən onun əcnəbi qız rəfiqələri üçün viza almaq müqabilində həkimdən təxminən 1 milyon dollar rüşvət alıb. Bu qalmaqal mətbuatda geniş əks-səda doğursa da, B.Menendezin həbsinə və senator kimi fəaliyyətinə son qoymayıb. ABŞ mətbuatı yazır ki, B.Menendezi indiyədək dəmir barmaqlıqlardan məhz “güclü əllər” qoruyub.
İndi demokrat-senator, deyəsən, siyasi karyerasını xilas edə bilməyəcək. Çünki ortada ciddi faktlar var. B.Menendezin erməni arvadı ilə birlikdə yaşadıqları evdə axtarış zamanı təxminən 500 min dollar dəyərində nağd pul, həmçinin qızıl-zinət əşyaları və dəbdəbəli avtomobil aşkar edilib. ABŞ mətbuatı yazır ki, ər-arvad pulun qanuni mənşəyini sübut edə bilməyib. Prokurorların fikrincə, B.Menendez Nyu-Cersi ştatından olan üç iş adamından onların maraqlarını lobbiçilik etmək, eləcə də ABŞ-dan hərbi yardım almaqda Misir hökumətinin maraqlarını təmin etmək müqabilində rüşvət alıb. 39 səhifəlik ittihamnamədə qeyd olunur ki, iş adamları Uela Hana, Jose Uribe və Fred Deibs Menendez cütlüyünə onları qorumaq, həmçinin “Misir Ərəb Respublikasına faydalı” işlər görmək müqabilində pul ödəyiblər. Xatırladaq ki, hələ 2012-ci ildə B.Menendez ABŞ Senatına yenidən seçilməzdən əvvəl nalayiq davranışda, o cümlədən Dominikan Respublikasında iki azyaşlı fahişə ilə münasibətdə olmaqda ittiham edilmişdi. Lakin dəlil çatışmazlığına görə senatora qarşı rəsmi ittiham irəli sürülməmişdi.
Xəbər verilir ki, Menendezlərin evində ilk axtarış ötən ilin iyununda aparılıb. Polis onların rəflərində və paltarlarının ciblərində ər-arvadın soyadı olan zərflər tapıb, içərisində 480 min dollar nağd pul və Nadina Arslanyanın seyfində daha 70 min dollar olub. Onların üzərində iş adamlarından birinin və onun sürücüsünün barmaq izləri aşkar edilib. Təxminən 100 min dollar dəyərində qızıl külçələr və dəbdəbəli əşyalar da tapılıb. Bundan əlavə, müstəntiqlərin fikrincə, Nadina Arslanyan iş adamlarının köməyi ilə saxta yolla yüksək maaşlı işə düzəldilib və onun həmin iş yerinə getmədiyi də aşkarlanıb.
Qeyd edək ki, bu, B.Menendezin son 10 ildə ikinci korrupsiya ittihamıdır. Ermənipərəst senatorun bu dəfə mühakimədən qaça bilməyəcəyi ehtimal olunur. Həbs olunması hələ mümkün görünməsə də, onun siyasi karyerasının sona çatdığı düşünülür. Artıq bunun ilk siqnalları verilib. “Axios” xəbər verir ki, Nyu-Cersi ştatından olan demokrat qanunvericilər ştatı Senatda təmsil edən senator B.Menendezi ona qarşı irəli sürülən rüşvətlə bağlı ciddi ittihamlar fonunda istefaya çağırıblar. Bu müraciətlə ştatın qubernatoru Fil Merfi, Ştat Assambleyasının spikeri Kreyq Koflin və Ştat Demokrat Partiyasının sədri Leroy Consin çıxış etdikləri vurğulanır. ABŞ Konqresindəki demək olar ki, bütün ştat nümayəndələri oxşar bəyanatlarla çıxış ediblər. Ancaq B.Menendez istefa vermək fikrində olmadığını bildirərək, ona qarşı irəli sürülən ittihamların ispan irsini nəzərə alaraq irqi motivli ola biləcəyinə eyham vurub. Amma dünən məlum oldu ki, ermənipərəst senator ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti olaraq istefa verib. Görünür, ermənipərəst senator bu dəfə də “güclü əllər”in köməyinə ümid edir. Əgər bu dəfə də senator B.Menendez bu qədər korrupsiya faktlarının fonunda qanunun pəncəsindən canını qurtara bilsə, o zaman okeanın o tayında ədalətin lazım gələndə işləmədəyini qəti əminliklə deyə biləcəyik.
S.ELAY
XQ