Beynəlxalq qurumda oliqarx sistemi ləğv edilməlidir
78 yaşlı BMT dünyanın ən böyük ictimai-siyasi və hüquqi təşkilatıdır. İlk cümlədə “böyük” kəlməsi ilə bərabər qeyri-ixtiyari olaraq “nüfuzlu” sözünü də yazmaq istədim. Dərhal əl saxladım, axı bu, ədalətsizlik olardı. Yarananda 50, hazırda isə 193 üzvü olan və faktiki olaraq bir qrup “oliqarx dövlət”ə (Təhlükəsizlik Şurasının 5 daimi üzvünə – müəllif) xidmət edən bu beynəlxalq qurum yersiz və mənasız, ən başlıcası isə ədalətsiz fəaliyyəti ilə çoxdan gözdən düşüb.
Bu gün beynəlxalq siyasətdən az-çox ağlı kəsən hər kəs deyir ki, BMT-də mütləq ciddi islahatlar aparılmalı, bütün üzv dövlətlərin hüquqları heç bir ayrı-seçkilik qoyulmadan müdafiə olunmalıdır. Qurumda islahatların aparılmasına kəskin ehtiyac yarandığını, hətta baş katib Antonio Quterreş də etiraf edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bunu illərdir qətiyyətlə haqlı olaraq tələb edir: “Dünya beşdən böyükdür!”
Bu məqamda tarixə retro-ekskurs etməyə lüzum var. Bəllidir ki, Birinci Dünya müharibəsindən sonra beynəlxalq aləmdəki mübahisəli məsələləri sülh yolu həll etmək kimi nəcib məqsədlərlə Millətlər Liqası yaradıldı. Ona böyük ümidlər bəslənilirdi. Lakin liqa öz “dişsiz” və yarıtmaz fəaliyyəti ilə İkinci Dünya müharibəsinin başlanmasının qarşısını ala bilmədi.
1939-1945-ci illərdə faşizm üzərində qələbə qazanmaq üçün on milyonlarla insan həyatını itirdi. Bu dəfə planetimizdə sülh və təhlükəsizliyi təmin etmək niyyətilə Birləşmiş Millətlər Təşkilatı yaradıldı. Lakin ikinci cahan savaşından qalib çıxan böyük dövlətlər Təhlükəsizlik Şurasında (TŞ) özləri üçün xüsusi imtiyazlar əldə etdilər. O dönəmdən “beşlik” dünyanın taleyini öz bildiyi, daha doğrusu, “kefi istədiyi” kimi həll etməyə başladı.
Dünyadakı nizam-tərəzini elə həmin super güclər riyakarcasına pozur, öz iradələrini özlərindən zəiflərə diktə edirdilər. Xatırlayırsınızmı, 1970-ci ilərdə ABŞ Vyetnama, təxminən 30 ildən sonra isə İraqa və Əfqanıstana, Rusiya isə 2008-ci ildə Gürcüstana və 2022-ci ildə Ukraynaya hərbi təcavüz etdi. BMT-də nə Vaşinqtonu, nə də Moskvanı sorğu-sual edən olmadı. Bunun heç bir mexanizmi də yoxdur. Hər ikisinin daşdan keçən “veto” hüququ var. Necə deyərlər, ağa Nəzərəm, belə gəzərəm!
Düzdür, xoşbəxtlikdən Üçüncü Dünya müharibəsi başlamayıb, amma bu, heç də o demək deyil ki, BMT onun qarşısına qoyulan vəzifələrin öhdəsindən gələ bilir. Təkcə bu əsrin əvvəlindən bəri dünyada baş verən amansız savaşlar, genosid və qətliamlarda on milyonlarla günahsız insanın həyatı məhv olub. BMT bu münaqişələrin qarşısını ala bilərdimi? Faktiki olaraq ala bilməyib. Əgər Allah eləməsin, yeni dünya müharibəsi başlasa, A.Quterreşin rəhbərlik etdiyi qurum onu saxlamaq gücündədirmi? Xeyr!
BMT üzvü olan 193 dövlətdə yalnız qardaş Türkiyə vaxtaşırı BMT-də islahatların aparılmasını gündəmə gətirir. Axı hər şey göz qabağındadır, nüfuzdan çoxdan düşən bu qurum faktiki olaraq indi 5 böyük dövlətin maraqlarına xidmət göstərir. Görünən budur ki, indi BMT-də oliqarx sistemi yaradılıb və bu şəraitdə onun normal, ədalətli funksionallığını təmin etmək qeyri-mümkündür.
Bəli, TŞ-nin beş daimi üzvünün qaşı, yoxsa gözü Türkiyə, Yaponiya, Almaniya və elə bizim özümüzdən – müstəqil Azərbaycanımızdan artıqdır? Sual olunur: qalan 188 ölkə bu aşkar ədalətsizliyi niyə qəbul edir? Dünyanın ağlı, məntiqi, vicdanı bu “adət etdiyimiz və öyrənilmiş acizliyə” nə üçün dözür?
Tanınmış türkiyəli qəzetçilərdən biri yazıb ki, öz daxilində ədaləti bərqərar edə bilməyən BMT-nin dünyanı daha ədalətli bir yerə çevirə bilməyəcəyini bildiyimiz halda, bu siyasi şıltaqlığa dözmək zəiflik əlamətidir, deyilmi? İnanmaq istərdik ki, bu haqsızlığa son qoyulacaq. Bir çox təhlilçilər bunun Rusiya-Ukrayna müharibəsindən sonra baş verəcəyini qeyd edirlər. Deməli, gözləməli olacağıq.
TŞ-nin beş daimi üzvünün hegemonluğu göz qabağındadır. Hazırkı sistem Birləşmiş Ştatlara, Çinə, Rusiya, Fransa və Böyük Britaniyaya sərf eləyir. Təzada baxın ki, bu böyük dövlətlərin hər biri, demək olar ki, dünyadakı bütün qlobal böhranlara az və ya çox dərəcədə cəlb olunub.
Təhlilçilər bu qənaətdədirlər ki, BMT-nin funksionallığını artırmaq üçün daimi üzvlər institutu və veto hüququ ləğv edilməlidir. TŞ-nin səlahiyyətləri məhdudlaşdırılmalı, Baş Assambleyasının, əksinə, vəzifə və imkanları genişləndirilməlidir. Qəbul edilən qərarların dəqiq icra mexanizmləri yaradılmalıdır. Əsas məqsəd bir üzv dövlətin hüquqlarının təmin edilməsi olmalıdır.
Hörmətli oxucu! Yuxarıda qeyd etdiklərimizi ümumiləşdirməli olsaq, qətiyyətlə demək olar ki, BMT-də islahatlar qaçılmazdır. Obrazlı desək, BMT hərtərəfli islahatlara “hamilə”dir. Ümid edək ki, aparılacaq dəyişikliklər dünyanın daha ədalətli idarə olunmasına öz töhfəsini verəcək.
Mübariz MƏMMƏDLİ,
fəlsəfə elmləri doktoru, siyasi şərhçi
BMT Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklər olunmasına ehtiyac var. Hətta qurumun ali orqanı olan Təhlükəsizlik Şurasının (TŞ) da tərkib hissələrinə yenidən baxılmasının zəruriliyi tez-tez bildirilir. Son zamanlar ərzində Türkiyə Prezidenti Ərdoğan tərəfindən səsləndirilən “Dünya beşdən böyükdür” sözü mesaj kimi istər TŞ üzvlərinin, istərsə də dünya düzənini müəyyənləşdirən ölkələrin siyasi gündəmində əks-səda verməkdədir.
Prezident İlham Əliyev də bir neçə dəfə Qoşulmama Hərəkatının Bakıda keçirilən sonuncu iclasında bu məsələyə toxunmuşdu. Hesab edirəm ki, BMT dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında “keşik çəkən” bir qurum kimi funksiyaları həyata keçirməlidir.
Lakin bu təşkilat Azərbaycana qarşı ərazi iddialarında olan və 30 ildən çox bir müddətdə torpaqlarımızı işğal altında saxlayan Ermənistanı və onun havadarlarını saxlayıb, onlara dur deyə bilmədi.
Hazırda TŞ-nin 15 üzvü var. Onlardan 5-i daimi, 10-u isə iki il müddətinə seçilmiş üzvlərdir. Orada qəbul olunan qərarlar məcburi xarakter daşıyır. BMT-yə üzv olan dövlətlər həmin qərarlara riayət etməlidirlər. Qarabağ məsələsi ilə bağlı BMT-də dörd qərar qəbul olunmuş, lakin heç biri reallaşmamışdır. Bunu yalnız Azərbaycan özü həyata keçirdi.
TŞ üzvlərinin siyahısına yenidən baxılmalıdır. Düzdür ki, Almaniya da güclü dövlət kimi, şuraya üzv olmağa iddialıdır. Amma unutmayaq ki, Almaniya I və II Dünya müharibələrinin başlanmasında ədalətsiz mövqe sərgiləyən bir ölkə kimi tanınır.
Digər tərəfdən, böyük bir İslam dünyasını qoruyan Türkiyə Azərbaycanın müdafiəsində daha çox fəallıq göstərir. Ədalət baxımından Türkiyənin TŞ-nin üzvü olmasını daha məqsədəuyğun hesab edirəm. Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçi kimi rol oynaması, “Taxıl sazişi” ilə bağlı müsbət addımları, Cənubi Qafqazda sülhün imzalanması üçün aldığı müsbət qərarlar, Yaxın Şərqdə sabitliyin qorunmasında qətiyyətli mövqe sərgiləməsi qardaş ölkəni TŞ üzvlüyünə real namizədlərdən birinə çevirir.
Fidan SALMANOVA,
Məsaim ABDULLAYEV
XQ