Başlıbeldə baş verənlər...

post-img

Bakının Yasamal rayonundakı 286 nömrəli məktəbdə “Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 

Vətən müharibəsinin zəfərlə başa çatması torpaqlarımı­zın işğaldan azad olunması mənfur qonşumuzun törətdiyi vandalizm aktlarının dəlil-sübutlarla dünya ictimaiyyətinə çatdırılması üçün də imkanlar yaradıb. Belə hadisələrdən biri də 1993-cü ildə Kəlbəcərin Başlıbel kəndində törədilən faciədir.

Tədbiri məktəbin direktoru Samir Mehdizadə açıb. Mək­təbin tarix müəllimi Malik Məmmədov Ermənistanın hərbi cinayətləri, Vətən müharibəsindən sonra aşkarlanan kütləvi məzarlıqlar barədə danışıb. Başlıbel faciəsi haqqında “Qanlı kaha” adlı kitab yazmış Elxan Salahov 30 il öncə törədilən və uzun müddət geniş ictimaiyyətin xəbərsiz olduğu bu ha­disədən ətraflı bəhs edib. Bildirib ki, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində 76 sakin işğalçı ordunun mühasirəsində qalıb. Onlardan 14 nəfəri qarlı dağ aşırımlarından keçməklə mühasirədən çıxmaq istəyərkən yolda qətlə yetirilib və ya girov götürülüb. Digər 62 nəfər isə kəndin yaxınlığındakı kahalara sığınaraq 113 gün bu vəziy­yətdə yaşam mücadiləsi verib. Bu müddətdə dəfələrlə er­məni silahlılarının hücumuna məruz qalan dinc sakinlərdən 14 nəfəri girov götürülüb, 18 nəfəri qətlə yetirilib, 1 nəfəri itkin düşüb, 29 nəfər isə gizli dağ yolları ilə mühasirədən çıxa bilib.

Faciənin şahidlərindən biri Səlim Mehdiyev mühasirə günlərində üzləşdikləri çoxsaylı çətinlikləri, yaşadıqları ağrı­lı-acılı günləri xatırlayıb.

Tədbirin sonunda “Qanlı kaha” kitabı müəllim və şagird­lərə paylanılıb.

Hazırladı:
Ə.DOSTƏLİ
XQ

Son xəbərlər