Gədəbəydə yeni cüdo zalı istifadəyə verilib

post-img

Gədəbəydə Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə yeni cüdo zalı istifadəyə verilib. "XQ" ACF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun mərkəzi parkının yaxınlığında yerləşən Gədəbəy İdman Klubunun cüdo zalında yeniyetmələrin və gənclərin cüdo ilə aktiv məşğul olması üçün bütün şərait yaradılıb.

Onu da əlavə edək ki, cüdo idman növü regionda nisbətən yeni  idman növü sayılır.

Gədəbəy Cüdo Klubunun baş məşqçisi  yeni cüdo zalının açılışı ilə bağlı fikirlərini bölüşüb: "Gədəbəydə cüdo idman növünün tətbiqi cəmiyyətimiz üçün köklü bir dəyişiklik oldu. Biz  yeniyetmə və gənclər arasında cüdoya marağın artdığını müşahidə edirik. Cüdo  təkcə fiziki inkişafa deyil, həm də idmançılarımız arasında güclü xarakterin formalaşmasına da köməklik  edir. ACF-nin dəstəyi ilə biz milli və beynəlxalq səviyyədə regionumuzu təmsil edə biləcək istedadlı cüdoçular yetişdirməyi hədəfləyirik.”

Qeyd edək ki, cüdo məşq zalı ACF tərəfindən Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.

Son iki il ərzində ACF Respublikanın müxtəlif regionlarında idman klublarının bərpasını və təmirini həyata keçirib. Belə ki, indiyə qədər Gəncə, Ağstafa, Qazax, Zaqatala, Goranboy, Zəngilan rayonunun Ağalı kəndi, Zirə, Sabirabadda cüdo zalları istifadəyə verilib. Respublikamızın bir neçə şəhər və rayonunda isə cüdo zallarının təmiri davam etməkdədir. Həmçinin, son bir il müddətində ACF tərəfindən 80-dən çox cüdo idman zalına 4000-dən çox cüdo tatamisi paylanılması reallaşdırılıb.

Elçin ABBASOV,
XQ

İdman