Rumıniyanın Mamaya şəhərində yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatında 7-ci turun oyunları keçirilib.
"XQ" Beynəlxalq Şahmat Federasiyasının (FİDE) saytına istinadən xəbər verir ki, 12 yaşadək şahmatçıların yarışında təmsilçimiz Əhməd Xaqan lider Marin Pauya (İspaniya) qalib gələrək birinci yerə yüksəlib. 14 yaşadək iştirakçıların yarışında Rüstəm Rüstəmov İspaniyanı təmsil edən Daniel Tabuenkanı məğlub edib. Bu qələbədən sonra R.Rüstəmov 6 xalla liderlər sırasındadır. 8 yaşadək qızların yarışında Mehriban Əhmədli 7-ci turda Kamil Bilot-Lauleni (Fransa) məğlub edib.
U-18 yarışında ağ fiqurlarla oynayan Xəzər Babazadə 7-ci turda Elham Abdrlaufu (Norveç) üstələyib. Aktivində 6 xal olan X.Babazadə bu kateqoriyada lider mövqedədir. Ayan Allahverdiyeva Rumıniya şahmatçısı Aleksia-Teodora Puini təslim olmağa məcbur edib.
Beləliklə 7 turdan sonra müxtəlif yaş kateqoriyalarda Əhməd Xaqan, Xəzər Babazadə, Mehriban Əhmədli, Ayan Allahverdiyeva birinci, Rüstəm Rüstəmov ikinci, Məhəmməd Kazımzadə, Əsnad Baxşızadə üçüncü pillədə qərarlaşıb.
Yarışa sentyabrın 14-də yekun vurulacaq.
Elçin ABBASOV
XQ