Bakıda sərrast atəşlər sona çatdı

post-img

Dünya çempionatında 14 rekord, 48 lisenziya qazanıldı 

Azərbaycanda daha bir mötəbər yarış uğurla başa çatıb. Bakıda keçirilən və dünyanın 100-dən artıq ölkəsindən 2 minədək idmançı və nümayəndə heyətinin iştirak etdiyi 53-cü dünya çempionatı möhtəşəm təşkilatçılığı, gərgin və maraqlı mübarizə həyəcanı ilə yadda qalıb. 

Dünən – yarışın son gü­nündə kişilərin mübarizəsində tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə polşalı Lukaş Çapla bütün rəqiblərini qabaqlayıb. İkinci yeri ukraynalı İqor Kizima tutub. İsveçdən olan Emil Mar­tinsson bürünc medala yiyələnib. Komanda yarışında isə Ukrayna qızıl, İsveç gümüş, Finlandiya bürünc medal qazanıb.

Kişilər arasında tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə qarışıq növdə (sürətli və ya yavaş) atəşaçmada isveç­li Yesper Niberq birinci, onun həmyerlisi Emil Martinsson ikin­ci, finlandiyalı Krister Holmberq üçüncü yeri tutub. Bu yarışın ko­manda növündə Ukrayna qızıl, İsveç gümüş, Finlandiya bürünc medala sahib çıxıb.

Yarış başa çatdıqdan sonra bağlanış mərasimi keçirilib. 

Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) baş kati­bi Villi Qrill dünya çempionatının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında çox sayda dünya çempionatında və 9 olimpiadada iştirak etdiyini, Azərbaycanın təşkilatçılıq baxı­mından birinci olduğunu qeyd edib. Yarışda 14 dünya rekor­dunun qeydə alındığını, indiyə qədər mundiallarda bu qədər rekordun olmadığını bildirən qurum rəsmisi, eyni zamanda, olimpiadaya 48 lisenziyanın qa­zanılmasının böyük nailiyyət ol­duğunu vurğulayıb. 

Yarışın açılış mərasimindən bağlanış mərasiminə kimi hər şeyin yüksək səviyyədə təşkil olunduğunu bildirən baş katib deyib: “Bu, bütöv komandanın işidir. Mən Azərbaycan Atıcı­lıq Federasiyasının baş katibi Emin Cəfərovun fəaliyyətini xü­susilə vurğulamaq istəyirəm. O, mənim təkcə həmkarım deyil, dostum-qardaşımdır. Onun ko­mandası mükəmməl iş gördü. Könüllülərə də təşəkkür etmək istəyirəm. 30 illik fəaliyyətimdə gördüyüm ən fəal könüllülər idi.

Azərbaycan dünya çempio­natını elə səviyyəyə çatdırdı ki, inanmıram hansısa ölkə yenidən belə bir iş ortaya qoysun. 9 olim­piadada, çox sayda yarışda işti­rak etmişəm, çalışmışam. Deyə bilərəm ki, heç bir yarış Azərbay­candakı kimi təşkil olunmayıb”. 

ISSF-nin stend atıcılığı üzrə texniki nümayəndəsi Abdul­lah Əli Əl Motava Əl-Hamma­di turnirlə bağlı təəssüratlarını bölüşərkən Azərbaycanın hər zaman yarışlara möhtəşəm ev sahibliyi etməsi ilə diqqət çəkdi­yini bildirib. 

Azərbaycan Atıcılıq Fe­derasiyasının baş katibi Emin Cəfərov dünya çempionatı ilə bağlı danışarkən qeyd edib ki, Azərbaycan bütün dünyaya ya­rışları necə keçirmək lazım oldu­ğunu göstərdi.

Baş katib komandamızın yarışdakı nəticəsindən razı qaldığını deyib: “Bu turnirdə üç medal qazanmışıq. Sonuncu dəfə dünya çempionatında qı­zıl medalı 2001-ci ildə Zemfira Meftahətdinova əldə etmişdi. Bundan əlavə, qeyd etməliyəm ki, dünya çempionatlarında ilk dəfə bu sayda mükafata sahib çıxırıq. Daha əvvəl ən çox iki medal qazanmışdıq. Cənubi Koreyada gənclər arasında baş tutan mundialda isə iki mükafat əldə olunub. Bu, bizdə irəliləyi­şin olduğunu göstərir. Koman­damız da gəncləşir. Ruslan Lunyov kimi güclü idmançıla­rımız var. Daha yaxşı nəticə göstərə bilərdilər. Bu, bir az psixoloji idman növüdür. Tam istədiyimiz kimi olmasa da, nə­ticədən razıyıq”.

Bu mötəbər yarışın idmançı­lar üçün mühüm əhəmiyyəti qalib və mükafatçı adını qazanmaq­dan savayı, həm də dördilliyin ən nüfuzlu idman yarışı – Paris Olimpiadasına 48 lisenziyanın öz sahibini tapması olub. Bakıya böyük ümidlərlə gələn dünya­nın ən mahir nişançıları növbəti Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün bütün səylərini toplayıblar. Bu mötəbər yarışın qalib və mükafatçıları mediaya müsahibələrində dünyanın ən mükəmməl idman arenalarından olan Bakı Atıcılıq Mərkəzindən, iştirakçıların öz potensialların­dan maksimum istifadə etmələri üçün yaradılan şəraitdən, yük­sək təşkilatçılıqdan, xalqımızın qonaqpərvərliyindən, paytaxtı­mızın gözəlliyindən ağızdolusu danışıblar. 

Dünya çempionatını böyük maraqla izləyən yerli azarkeş­lər Azərbaycan idmançılarından mükafatlar gözləyirdilər. Mö­təbər yarışda təmsilçilərimizin medal qazanmaları güclü idman potensialımızı bir daha nüma­yiş etdirdi. 25 metr məsafəyə mərkəzə atəş tapançasından atış növündə Nigar Nəsirovanın qızıl medalı bizi qürurlandırdı. Həmin növdə digər idmançımız Nərminə Səmədovanın gümüş medala sahib olması, 25 metr məsafəyə tapançadan standart atəş açma yarışında isə Azər­baycan komandasının ikinci yeri tutması bu mötəbər yarış üçün çox yaxşı nəticədir. 

Leyla QURBANOVA,
XQ

İdman