Azərbaycan Universiadada geniş heyətlə təmsil olunacaq

post-img

Dünyanın kütləvi və multiidman tədbirlərindən biri olan Ümumdünya Yay Universiadasına sayılı günlər qalır. Dünən Çinin Çenqdu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasına Azərbaycan nümayəndə heyətinin hazırlığı ilə bağlı Gənclər və İdman Nazirliyində görüş keçirilib.

Tədbirdə nazirliyin idman şöbəsinin müdir müavini, nümayəndə heyətinin rəh­bəri Nicat Həsənov yarışların keçiriləcəyi məkanlar, görülən işlər, həmçinin akkredi­tasiya, tibb, nəqliyyat, idmançıların qeydiy­yatı, yerləşdirilməsi və digər məsələlərdən danışıb. O deyib ki, XXXI Ümumdünya Yay Universiadasında ölkəmizi 88 idmançı təmsil edəcək. Ümumilikdə isə 134 nəfər­lik heyət Çinə yollanacaq: “Azərbaycan universiadalar tarixində ilk dəfə ən böyük heyətlə təmsil olunacaq. İyulun 28-də start götürəcək yarış avqustun 8-dək davam edə­cək. Komandamız avqustun 9-da Vətənə qayıdacaq”. 

Qeyd edilib ki, bu nüfuzlu yarışda Azər­baycan komandasının bayraqdarı kişilərdə atlet Nazim Babayev, qadınlarda isə cüdo­çumuz Gültac Məmmədəliyeva olacaq. Bu il yarışa 100-dən çox ölkə qeydiyyatdan keçib. Bəzi idman növü üzrə idmançıları­mız təlim-məşq toplanışından sonra Çinə yollanacaqlar. Nicat Həsənov komandamız­dan uğurlu nəticə gözlədiyini də söyləyib. O bildirib ki, bəzi idman növləri üzrə yığ­malar birbaşa təlim-məşq toplanışlarından sonda turnirə yollanacaqlar.

“Gənclik” Tələbə İdman Cəmiyyəti­nin sədri Tofiq Xanəliyev “Xalq qəzeti”nə müsahibəsində komandamızın yarışlar­da 1992-ci ildən iştirak etdiyini bildirdi: “Azərbaycan idmançıları 15-ci dəfədir ki, bu yarışlarda iştirak edir. Universiada, ümu­milikdə, 18 idman növü üzrə keçirilsə də, təmsilçilərimiz onlardan 16-da gücünü sı­nayacaq. İndiyədək idmançılarımız mak­simum 10 növ üzrə yarışlarda mübarizə aparıb. Bu, komandamız üçün rekord hesab oluna bilər”. 

T.Xanəliyev deyib ki, Ümumdünya Yay Universiadasından əvvəl tələbələrimizin iştirakı ilə Respublika Universiadası keçi­rilir. Bu yarışın nəticələrinə görə, ən güclü idmançılar müəyyənləşdirilir. İlk dəfə vo­leybol və basketbol üzrə kişilərdən ibarət komandalarımız da universiadada iştirak edəcəklər. 

“Tələbə idmançılarımız yarışa yaxşı hazırlaşıblar. Cüdo, taekvondo, uşu, gim­nastika, atletika və digər idman növlərində atletlərimizdən medal gözləyirik. Bu dəfə komandamız da çox geniş heyətlə təm­sil olunur. Ümid edirik ki, idmançılarımız öz güclərindən maksimum istifadə edib, Vətənə yaxşı nəticələrlə dönəcəklər”, – deyə o, əlavə etdi. 

Azərbaycan idmançıları ötən Yay Uni­versiadalarında uğurla çıxış ediblər. Ana­loji yarışlarda komandamız medal sayında fərqlənməyi bacarıb. İtaliyanın Neapol şəhərindəki XXX Ümumdünya Yay Uni­versiadasında komandamız 7 medal qaza­nıb. Bu nəticə ilə Azərbaycan 165 ölkə ara­sında 18-ci yeri tutub. 

Ümid edirik ki, atletlərimiz nəticələri­ni daha da yaxşılaşdırıb, Vətənə qələbə ilə dönəcəklər!

Leyla QURBANOVA, “Xalq qəzeti”

İdman