Bu gün Bakıda üzgüçülük üzrə Açıq Yay çempionatı start götürüb. Yarışlarda, ümumilikdə, 16 komanda iştirak edir. Bakı Su İdman Sarayında təşkil olunan çempionata bölgələrdə fəaliyyət göstərən komandalar da dəvət ediliblər.
Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov belə yarışlarda yerli idmançıların qabiliyət və bacarıqlarını nümayiş etdirmələri üçün çox yaxşı şəraitin olduğunu deyir: “Biz bu kimi çempionatların və turnirlərin keçirilməsini çox yüksək qiymətləndiririk. Belə yarışlar böyük idman potensialı olan üzgüçülərin aşkar olunmasında yardımçı olur. Bölgələrdən də idmançıların qatılmağı çox təqdirəlayiqdir. Ümidvaram ki, mütəmadi keçirilən açıq çempionatlar və yarışlar ölkədə üzgüçülük idman növünə marağı artıracaq” -- deyə Rəşad Əbdürrəhmanov əlavə edib.
Açıq Yay çempionatı Azərbaycan Üzgüçülük Federasiyası, Azərbaycan Gənclər və İdman Nazirliyi və Bakı Su İdman Sarayının birgə təşkilatçılığı ilə reallaşıb və iyun ayının 22-nə kimi davam edəcək.
Elçin ABBBASOV,
"Xalq qəzeti"