Bu gün Almaniyanın Berlin şəhərindəki Olimpiya Stadionunda Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək. Azərbaycan nümayəndə heyəti “Berlin-2023”ün açılış mərasimində iştirak edəcək.
Qeyd edək ki, iyunun 18-də Oyunlar start götürəcək. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletika, badminton, basketbol (qızlar), cüdo, bədii gimnastika, həndbol (qızlar), pauerliftinq (ağırlıqqaldırma), stolüstü tennis, üzgüçülük və voleybol (oğlanlar) idman növləri üzrə yığma komandalarından ibarət 72 nəfərlik nümayəndə heyəti yarışda iştirak edəcək.
Nümayəndə heyətinin əksəriyyəti təhsil sisteminin tam orta, inklüziv, xüsusi yardımçı məktəb və internatların fiziki tərbiyə müəllimləri və şagirdlərindən ibarətdir.
Oyunların bağlanış mərasimi iyunun 25-də İkonik Brandenburq qapısında baş tutacaq.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

