Taekvondoçularımız qələbəyə kökləniblər

post-img

Dünya idman ictimaiyyətinin diqqəti yenidən sağlam rəqabətin, idmanda ədalət prinsiplərinin və ideallarının prioritet olduğu Azərbaycana yönəlib. Daha bir böyük etimad, yüksək inam! Paytaxt Bakı ilin ən nüfuzlu yarışlarından biri olan taekvondo üzrə dünya çempionatına evsahibliyi edir. Məhz Bakı tatamisində dünyanın 145 ölkəsinin güclü taekvondoçuları arasında ən potensiallıları müəyyənləşəcək. Ümummilli lider Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən yarış “Öz gücünü alovlandır” şüarı altında keçirilir. Bu mötəbər yarış, həm də taekvondo üzrə Paris Yay Olimpiya Oyunlarına ən yüksək reytinq xalı verməsi baxımından önəmlidir. 

Artıq mübarizənin ilk günündən yük­sək təşkilatçılıq sayəsində bütün ko­mandalar üçün yaradılan şərait, idman­çıların öz potensiallarını üzə çıxarmaları üçün mövcud imkanlar öz sözünü deyir. Yarış iştirakçıları hər bir şəraiti olan əzəmətli “Baku Crystal Hall”da yüksək mübarizə ruhuna kökləniblər. Şübhəsiz, onların arasında ən güclülərdən hesab olunan Azərbaycan komandasına da böyük ümidlər bəslənilir. 

Azərbaycanın kişilərdən ibarət yığ­ma komandasının böyük məşqçisi Elnur Amanov bu ilin əvvəlindən ko­mandamızın bir neçə beynəlxalq tur­nirdə iştirak etdiklərini bildirdi. Qeyd etdi ki, dünya çempionatında ən güc­lü taekvondoçularımız iştirak edirlər. Məşqçi çempionatın birinci günündə gücünü sınayan Cavad Ağayevin çıxı­şına da münasibət bildirdi: “C.Ağayev döyüşün başa çatmasına beş saniyə qalmış qalibiyyəti əldən verdi. İstər kişi, istərsə qadın idmançılarımızdan yaxşı nəticələr gözləyirik. Ümid edirik ki, komandamızın üzvləri güclərindən maksimum istifadə edəcəklər”. 

Qadınlardan ibarət millimizin baş məşqçisi Sona Pak da idmançılarımıza böyük ümidlər bəsləyir: “Uzun zaman­dır ki, dünya çempionatına hazırlaşırıq. Çempionatda 5 qadın idmançımız ölkə­mizi təmsil edir. Qızlarımıza çox inanı­ram. Ümid edirəm ki, qələbə ilə ölkəmizi və bütün teakvondosevərləri sevindirə­cəyik”.

Kişi taekvondoçulardan, yığmamı­zın üzvü Taleh Süleymanov (87 kq) dünya çempionatı ilə bağlı təlim-məşq toplanışlarında iştirak edərək hazırlıqla­rını artırmaq üçün böyük səy göstərdik­lərini qeyd etdi: “Komandamız yaxşı for­madadır. Özümüzə inanırıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq, Azərbaycanın Dövlət Himnini səslən­dirək, bayrağımızı yüksəklərə qaldıraq. Mən mayın 31-də döyüşə çıxacağam. Çox böyük motivasiya ilə qələbə qa­zanmağı gözləyirəm. Doğma divarlar arasında mübarizə aparmağımız gücü­müzü daha da artırır”.

Qadınlardan ibarət yığmamın üzvü Minayə Əkbərova (46 kq) da qələbəyə köklənib. Bizimlə söhbətində qeyd etdi ki, iyunun 2-də tatamiyə çıxacaq. Dün­ya çempionatına hazırlıqla bağlı beş aydır məşq etdiklərini deyən idmançı medal qazanmaq üçün bütün gücünü sərf edəcəyini bildirdi. 

Kişilərdən ibarət yığmamızın daha bir üzvü – Xanoğlan Kərimovla (63 kq) həmsöhbət olduq. Gənclər arasın­da dünya, eyni zamanda klublararası Avropa çempionatlarının gümüş müka­fatçısı ilk dəfə böyüklər arasında dünya çempionatında iştirak edir. Gənclər ara­sında mötəbər yarışlarda qazandığı gü­müş medalları, bu yarışda “qızıl”a çevir­məyi qarşıya məqsəd qoyduğunu deyir. 

Dünya çempionatında qardaş Tür­kiyənin komandası da medallar uğrun­da mübarizə aparır. Türkiyə milli koman­dasının baş məşqçisi Ali Şahin “Xalq qəzeti”nə açıqlamasında yığmanın çox ciddi rejimdə hazırlıq prosesi keçdiyini vurğuladı: “Bu ilin əvvəlindən komanda­mız fasiləsiz şəkildə yarışlara hazırla­şıb. İdmançılarımız müxtəlif yarışlarda içtirak etməklə, həm də hazırlıqlarını ar­tırıblar. Həmin yarışlarda millimizin üzv­ləri yaxşı nəticələr əldə ediblər. Əminik ki, Vətənə yaxşı nəticələrlə dönəcəyik”. 

Ali Şahin yarışın təşkil edildiyi “Baku Crystal Hall”ın geniş və işıq­lı zallarının həm idmançılar, həm də digər iştirakçılar üçün böyük üstünlük yaratdığını qeyd etdi. 

Qazaxıstan yığmasının üzvü Samirxon Ababakirov yarışda idman­çıların öz güclərindən maksimum isti­fadə etmələri üçün hər bir şəraitin ya­radıldığını bildirdi: “İlk gündən hərtərəfli qayğı ilə əhatə olunmuşuq. Burada özümüzü doğma divarlar arasında hiss edirik. İdmançılar üçün hər bir şərait yaradılıb. Potensialımızdan maksimum istifadə etmək üçün bütün imkanlar var. İdmançılar adından təşkilatçılara təşək­kürümü bildirmək istəyirəm”.

S.Ababakirov yarışdan sonra şəhə­rimizi doyunca gəzməyi arzuladığını dedi: “Dənizkənarı bulvarı gəzmək istə­yirəm. Bir də İçərişəhərin görməli yerləri ilə tanış olacağam”.

Nüfuzlu dünya çempionatında mübarizə davam edir. Hələlik, mötə­bər yarışda qadın və kişilər arasında beş çəki dərərcəsində mükafatçılar müəyyənləşib. İyunun 4-dək başa ça­tacaq yarışda 1000-ə yaxın taekvon­doçu 16 çəki dərəcəsində mübarizə aparır.

 

Leyla QURBANOVA,
“Xalq qəzeti”



İdman