İki taekvondoçumuz mübarizəni dayandırdı

post-img

Bakıda keçirilən taekvondo üzrə sayca 26-cı dünya çempionatında  milli komandamızın daha 2 üzvü dayanq üzərinə çıxıb. 

Millinin 67 kiloqram çəki dərəcəsində mübarizə aparan və ən təcrübəli üzvlərindən olan Fəridə Əzizova on altıdan bir final çərçivəsində ABŞ idmançısı Kristina Teaçotla (ABŞ) gücünü sınayıb və bu görüşdə rəqib 2:0 hesabı ilə qələbə qazanıb. Bununla da F.Əzizova mübarizəni dayandırıb.

Milli komandanın digər üzvü 58 kiloqramm çəki dərəcəsində yarışan Qaşım Maqomedov da çempionatla erkən vidalaşıb. O, mübarizəyə otuz ikidə bir finaldan başlayıb. Qaşım ilk döyüşündə Çin taekvondoçusu Kay Çenqlə qarşılaşıb. Bu görüşdə də rəqib 2:0 hesabı ilə qalib gəldiyi üçün növbəti mərhələyə yüksəlib.

Onu da əlavə edək ki, dünya çempionatının ilk günündə kişilərdə 68, qadınlarda isə 57 kiloqram çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Bu gün isə daha 3 çəkidə döyüşlər keçiriləcək. 58 kiloqram və 67 kiloqramla yanaşı, 73 kiloqram çəkili qadın taekvondoçular da güclərini sınayacaqlar. 

Qeyd edək ki, dünən 68 kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Cavad Ağayev də ikinci görüşündə məğlub olaraq mübarizəni dayandırıb.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman