Hidayət Heydərov zədə səbəbindən məğlub olub

post-img

Dohada keçirilən dünya çempionatında Hidayət Heydərov (73 kq) əsas medal ümidlərimizdən idi. Təəssüf ki, zədə səbəbindən mübarizəni sonadək davam etdirə bilmədi.

Bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu dünya çempionatının nəticələri ilə bağlı jurnalistlərlə görüşündə deyib. 

O qeyd edib ki, cüdoçu ilk qarşılaşmadan sonra zədə almışdı: “O zədə aldığını heç kimə hiss etdirməmişdi. Bunu hətta biz də bilmirdik. Cüdoçumuz sonadək mübarizə aparmağa çalışsa da zədəsinin ciddi olması ona imkan vermədi. Heydərov müdafiə olunarkən səhvə yol verdi. İndiyədək heç bir turnirdə belə səhv etməyib”. 

Rəşad Rəsullu elə həlledici mərhələdə də zədə səbəbindən cüdoçumuzun uduzduğunu bildirib. O Hidayət Heydərovun zədəsinin ciddi olduğunu 6 həftə yalnız fiziki məşqlər edəcəyini, tatamiyə çıxa bilməyəcəyini də bildirib. 

Baş katib cüdoçunun çəkisinin çox olmasının da onun nəticələrinə təsir etdiyini vurğuladı: “Hidayət ümid bəslədiyimiz cüdoçudur. Çəkisinə nəzarət etməlidir. Hazırda dietoloq da bunun üzərində işləyir”.

Qeyd edək ki, Hidayət Heydərov dünya çempionatında üçüncü yer uğrunda yaponiyalı Soişi Haşimotoya məğlub olmuşdu. 

Leyla QURBANOVA,
“Xalq qəzeti”

İdman