Türkiyə və Argentina millilərinin Qaziantepdə zəlzələdən zərərçəkənlərə yardım məqsədilə xeyriyyə oyunu keçirməsi gündəmə gəlib. Bununla bağlı artıq ilkin danışıqlar müsbət nəticələnib. “Anadolu” agentliyinin məlumatına görə, Argentinanın dünya şöhrətli ulduzu Lionel Messinin yarışın baş tutacağı təqdirdə Türkiyəyə gələcəyi gözlənilir.
Mövzu ilə bağlı Latın Amerikası və Karib hövzəsi Parlamentinin (PARLATİNO) Türkiyə Böyük Millət Məclisindəki nümayəndə heyətinin rəhbəri Əli Şahin “Twitter” hesabında paylaşım edib. O, Türkiyə və Argentina millilərinin indiyədək heç zaman qarşılaşmadıqlarına diqqət çəkib.
Matç təklifinin səfirlik vasitəsilə Argentina Futbol Federasiyasına göndərildiyini qeyd edən Əli Şahin Türkiyənin Gənclər və İdman Nazirliyinin də quruma məktub göndərəcəyini bildirib.
Əli Şahin davam edən danışıqların müsbət nəticə verəcəyi təqdirdə zəlzələ qurbanlarının ailələri və uşaqlarının tamaşaçı olacağı matçın Qaziantepdə oynanılacağını açıqlayıb.
Prosesin yaxından izlənildiyini vurğulayan Türkiyə rəsmisi Argentinaya və əməyi keçən hər kəsə təşəkkür edib.
Yeri gəkmişkən, Argentinanın dünyaca məşhur futbolçusu Lionel Messi “Instaqram” hesabında Türkiyədə baş vermiş zəlzələlərdən zərərçəkənlərə diqqət çəkmək məqsədilə paylaşım edib. Paylaşımda deyilir: “Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkən minlərlə uşaq və onların ailələri üçün çox kədərli günlər yaşayırıq. Ürəyim onlarladır. UNICEF ilk gündən bölgədə uşaqları qorumaq üçün çalışır. Sizin köməyiniz əvəzsizdir”.
Elçin ABBASOV,
“Xalq qəzeti”