UEFA Çempionlar Liqasında (ÇL) finala yüksələn İtaliyanın “İnter” klubunun futbolçusu Hakan Çalhanoğlu İstanbulda final oynayacağı üçün özünü xoşbəxt hiss etdiyini bildirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Mənbə yazır ki, dünən axşam ÇL-in yarımfinal görüşü çərçivəsində oynadığı revanş matçında Hakan Çalhanoğlunun komandası əzəli rəqibi “Milan”ı 1-0, ilk matçda isə 2-0 hesabı ilə məğlub edib.
Çalhanoğlu matçtdan sonra mediaya açıqlamasında deyib: “İki ay əvvəl buna yuxu kimi baxırdım. İndi öz evimdə (Türkiyədə) final oynayacağıq, orada olmaq bir xəyaldır. Texniki heyəti, komanda yoldaşlarımı, azarkeşləri təbrik edirəm. Bu gün bizim üçün çox dəyərli idi. Çox xoşbəxtəm”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının finalı iyunun 10-da İstanbul Atatürk Olimpiya Stadionunda keçiriləcək. “İnter”in finaldakı rəqibi bu axşam müəyyənləşəcək. Yarımfinalın digər oyununda İngiltərənin “Mançester Siti” komandası ilk matçda səfərdə 1:1 hesablı heç-heçə etdiyi İspaniyanın “Real” komandasını qəbul edəcək.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”