Bu günlərdə qadın voleybolçulardan ibarət milli komandaya yeni baş məşqçinin təyin olunması haqda Azərbaycan idman ictimaiyyəti artıq məlumatlandırılıb. Hətta yeni baş məşqçi Ataman Güneyligilin ictimaiyyətə təqdimatı üçün Milli Voleybol Mərkəzində geniş mətbuat konfransı da təşkil olundu. Tədbirdən sonra Milli Voleybol Mərkəzinin foyesində türkiyəli mütəxəssis Ataman Güneyligillə həmsöhbət olduq.
Təcrübəli mütəxəssis “Xalq qəzeti”nə açıqlamasında dedi: “Qalatasaray” klubunda 12 illik fəaliyyətimə son verdim. Yeni mövsümdən Yunanıstanın “Paok” komandasını çalışdıracağam. Bu arada yaranan 3 aylıq bir fasilədə isə Azərbaycanın qadınlardan ibarət voleybol millisini çalışdırmaqla bağlı təklif gəldi. Biz də bu təklifi müsbət qiymətləndirdik”.
Təcrübəli mütəxəssis qarşıdakı günlərdə milli komandaya Avropa Çempionatı ərəfəsində yeni oyunçuların cəlb edilə bniləcəyini də istisna etməyib. Ataman Güneyligil deyib: “Biz öncə ikinci komanda ilə çalışacağıq. Orada özünü daha yaxşı güstərən voleybolçular seçilərək əsas heyətə cəlb ediləcək”.
Türkiyəli mütəxəssis kənardan qadın voleybolçularımızın oyunlarnı izlədiyini və onların Avropa Çempionatında qrupdan çıxmaq üçün yüksək şansa sahib olduqlarını söylədi. Bildirdi ki, həqiqətən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının çox yaxşı oyunçuları var. Onlar həm ölkə çempionatında, həm də xarici klublarda çıxış edirlər. “Məsələn, Rumıniyada, Türkiyədə çıxış edən mənim tanıdığım çox yüksək səviyyəli oyunçular var”,-deyə təcrübəli mütəxəssis bildirib.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının C qrupunda Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə mübarizə aparacaq.
Elçin ABBASOV,
“Xalq qəzeti”