Sarayevodan Vətənə 2 qızıl və 1 gümüş medal gətirildi

post-img

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc və yeniyetmə taekvondoçular arasında Multi Avropa Oyunlarında uğurla çıxış edən millimizin üzvləri Vətənə qayıdıblar. Taekvondoçularımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar. 

Yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov “Xalq qəzeti”nə açıqlamasında bildirdi ki, koman­da yarışa yaxşı hazırlaşmışdı. Təmsilçilərimizin 2 qızıl və 1 gümüş medal qazanması yaxşı nəticədir: “Azərbaycan yeni­yetmələrin yarışında ümumi hesabda oğlanlar arasında ikinci yeri tutdu. Təbii ki, bununla arxayınlaşmaq olmaz. Növbəti yarışlarda daha yüksək nəticələr əldə etmək üçün çalışma­lıyıq”. 

Turnirin qızıl medalını qazanan İlyas Hətəmli rəqiblərinin güclü olmasına baxmayaraq, çempion olduğunu vurğuladı. Turnirdə birinci yeri tutmağı qarşıya məqsəd qoyduğunu bil­dirən idmançı hədəfə çatdığı üçün məmnun olduğunu dedi. 

Millinin digər üzvü Şəms Əlizadə isə çempion olmağı hər bir idmançının arzusu olduğunu qeyd etdi: “Məhz yarışa yax­şı hazırlaşmaqla bu uğuru əldə etmək olar. Yarışda qızıl me­dal qazanmağımda məşqçilərimin böyük əməyi var. Onlara minnətdarlığımı bildirirəm. 

Qeyd edək ki, gənclərdən ibarət komanda isə yarışı 1 gü­müş, iki bürünc medalla başa vurub.

İdman