"Qarabağ" çempionluq, "Qəbələ" avrokuboklarda mübarizə yoldunda

post-img

Azərbaycan Premyer Liqasının bu gün start götürəcək XXXIV turu Ağdamın “Qarabağ” klubunun çempionluq, “Qəbələ” komandasının isə avrokubok şansı baxımından həlledici rol oynaya bilər.

Böyük ehtimalla bu turda keçirilən görüşlərdən sonra ölkə çempionunun və turnir cədvəlində dördüncü yerin sahibinin adına aydınlıq gəlməsi mümkündür.

Belə ki, turun “Səbail”-“Qarabağ” matçı çempionun müəyyənləşməsi baxımından vacib rol oynayacaq. Nəzərə alsaq ki, bu il "Səbail" klubu çempionatın XXXIII turadək demək olar ki, autsayder şəkilində davam etdirib, onda asanlıqla “ASCO Arena”da ağdamlıların qələbə qazanmasına çox az şübhə qalır.  Onu da qeyd edək ki,  "Qarabağ" bu görüşdə qələbə qazanacağı təqdirdə, sona iki tur qalmış çempionluğu rəsmiləşdirəcək.

Belə ki, bu oyunda qazanılacaq qələbə "köhlən atlar"ın  çempionluğa iddialı "Sabah”la aradakı xal fərqini ən azı 7-yə çatdıracaq ki, çempionluq uğrunda mübarizədə (qızıl medalları təmin etmək üçün-red.)  kifayət edəcəkdir.

Onu da qeyd edək ki, Premyer Liqanın XXXIV turunda, həmçinin avrokuboklara vəsiqə qazanan dördüncü komandanın da adı müəyyənləşə bilər. Belə ki, bunun üçün “Qəbələ” klubunun doğma meydanda Tovuzun  “Turan Tovuz” komandasına qalib gəlməsi və “Zirə”nin öz evində “Kəpəz”ə məğlub olması lazımdır. Bu isə bir qədər çətin görünür. Ancaq nə qədər gerçəklikdən uzaq görünsə də, bu futboldur və hər şey mümkündür.  Bəli, bunun üçün uzağa getmək lazım deyil. Elə bu günlərdə "Sumqayıt"ın öz meydanında autsayder "Səbail" üzərində ilk hissədə 1:0 üstün durumda olduğu halda oyunun ikinci hissəsində ardıcıl 3 top buraxaraq biyabırçı məğlubiyyətini xatırlamaq kifayətdir. Yəni, yuxarıda qeyd etdiyimiz ssenarinin də yaşanması mümkündür. Əgər nəticə belə olarsa, bölgə təmsilçisi aradakı xal fərqini 6-ya yüksəldəcək və dördüncü pillədəki mövqeyini rəsmiləşdirəcək. Çünki yekunda komandalar eyni xala malik olsalar belə, şəxsi oyunlardakı üstünlük “Qəbələ”nin Avropa Kuboklarda çıxışını təmin edəcək. Yox, əgər nəticə fərqli olarsa, kimin avrokuboklarda çıxış edəcəyi son turlarda müəyyənləşəcək.

Onu da əlavə edək ki, bu tur daha bir komanda elitadakı yerini təmin etməyə çalışacaq. “Turan Tovuz” və “Kəpəz”in ardından 8-ci pillədəki “Sumqayıt” sonuncu yerə düşmək təhlükəsi ilə üzləşməmək üçün öz meydanında “Sabah”a qalib gəlməlidir. Bu isə bir qədər çətin görünür. Lakin buna baxmayaraq, autsayder “Şamaxı”nı da çətin “Neftçi” səfəri gözləyir. 

Biz isə turun nəticələrini gözləyək. Görək ehtimallar özünü nə dərəcədə doğruldacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman