Alfonso Dominges və Məhəmməd Abdullayev yarımfinalda

post-img

Bu gün Azərbaycanın daha 2 boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib. Yığma üzvlərindən Alfonso Dominges (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) dörddəbir final döyüşünü qələbə ilə başa vurub.

Azərbaycan Boks Federasiyasından aldığımız məlumata görə, A.Dominges yarımfinala gedən yolda Şoxcahon Abdullayevlə (Özbəkistan) döyüşüb. Dünya çempionumuz 5:2 (29:28, 29:28, 30:27, 27:30, 28:29, əlavə hakimlər 2:0) hesablı qələbə sayəsində ardıcıl ikinci dəfə çempionatın yarımfinalına yüksəlib. Alfonso növbəti görüşündə Georgi Kuşitaşvili (Gürcüstan) ilə gücünü yoxlayacaq.

Onun uğurunu Məhəmməd Abdullayev (+92 kq) də davam etdirib. Dörddəbir finalda Nikoloz Beqadze (Gürcüstan) ilə qarşılaşan dünya çempionatının mükafatçısı 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Abdullayev də ardıcıl ikinci dəfə mundialın yarımfinalında iştirak hüququ əldə edib. Məhəmməd bu mərhələdə kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.

Hər iki boksçumuz yarımfinala vəsiqə əldə etməklə, özləri üçün ən azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, yarımfinal döyüşləri mayın 12-də olacaq.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman