İnsanlıq nümunəsi və ya futbolun gözəlliyi

post-img

Feysbukun Kəpəz Kəpəz ləqəbli istifadəçisinin səhifəsində yerləşdirilmiş şəkli gördükdə təsirlənməyə bilmədim. Fotodakı böyük səmimiyyət qəlbləri riqqətə gətirir. Əsl insanlıq nümunəsidir! 

Gəncənin “Kəpəz” komandasının baş məşqçisi Tərlan Əhmədovun öz legioner futbolçuları ilə bölüşdüyü qol sevinci anı çox incə bir məqamdır. Sanki, Tərlan müəllim bir ata nəva­zişi ilə öz doğma övladlarını bağrına basır. Uşaqlar da bir görün, ona necə sığınıblar.

Fb-də fotoya yazdığım rəydə onun beynəlxalq müsabiqəyə layiq olduğu­nu bildirdim. Kəpəz Kəpəz də dərhal reaksiya verib soruşdu ki, onu müsa­biqəyə necə təqdim etmək olar. De­yin, göndərək.

Zənnimcə, bu fotonu yadda sax­layıb, nə vaxtsa ölkə miqyasında və ya beynəlxalq səviyyədə hər hansı bir müsabiqə keçirilsə, onu “meydana çıxarmaq”, fotonun müəllifinə kömək etmək olar. Yəqin ki, bu məsələdə “Xalq qəzeti”nin fotomüxbiri, hörmətli Elşən Ağalar da, hər şeydən görün­düyü kimi, bütün varlığı ilə dünyalar qədər sevdiyi komandasının yanında olan Kəpəz Kəpəzə dəyərli məsləhə­tini verə bilər.

Foto təkcə T.Əhmədovun uzaq-uzaq ölkələrdən gəlib, Azərbaycanda legioner həyatı yaşayan, Premyer Liqamızda Gəncənin “Kəpəz” koman­dasının şərəfini qoruyan, onun qolla­rına və qələbələrinə sevinən gənclərə olduqca xoş münasibətinin yaddaqa­lan təzahürü deyil. Gəncə şəhər sta­dionunda, bilmirəm, hansı oyunun ge­dişində lentə alınmış, müəllifini də elə Kəpəz Kəpəz kimi tanıdığım bu foto futbolun yaraşığı, gözəlliyi, təntənə­sidir!

Bir daha əmin olduq ki, futbol tək­cə yarış deyil, həm də yarışanlara, nəcib keyfiyyətli insanlara ali hisslər aşılayan, yalnız və yalnız xeyirxah məqsədlərə xidmət edən 1 nömrəli idmandır.

Elə isə yaşasın futbol – bütün gözəlliyi və səmimiyyəti ilə!

 

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman