Dünyanın sürət azarkeşləri Bakının “gözəllik halqası”nda

post-img

Dünyanın 1 nömrəli avtomobil yarışları olan Formula 1-in Bakı trekinin başlamasına sayılı saatlar qalır. Azərbaycan Qran-Prisinə bilet almış istər xarici, istər yerli azarkeşlər “kral yarışlarının” başlamasını səbirsizliklə gözləyirlər. Artıq dünyanın dörd tərəfindən turistlər paytaxt Bakıya gəlməyə başlayıblar. Turistlərin yarışdan xeyli əvvəl ölkəmizə gəlmələri onların, həm də “Odlar yurdu”na marağından irəli gəlir. Necə deyərlər, “Bakı halqası”nda sürət yarışmasının izləyiciləri əvvəlcə şəhərin “gözəllik halqası”nı seyr edirlər

Müsahibimiz Olqa Silova Rusiya­dan oğlu, həyat yoldaşı ilə gəlib. Mos­kvalı qonaq belə böyük tədbirlərin, yarışların insanların sərhədləri aşıb bir-birlərinə daha da yaxın olmala­rı üçün geniş imkan yaratdığını deyir: “Artıq bir neçə gündür ki, Bakıdayıq. Azərbaycan paytaxtı ilə bağlı o qədər gözəl təəssüratlarımız var ki... Əslində, ölkənizə gəlməmiş bu hisslər artıq qəl­bimizə hakim kəsilmişdi. İçərişəhər Ta­rixi Memarlıq Qoruğu, şəhərə müasirlik verən möhtəşəm göydələnlər, Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının təkrarolunmaz, gözəl siması möhtəşəmdir. Şəhərinizin bir tərəfində çox qədim abidələr görürsən, ona yaxın digər ərazi artıq müasir tikililərlə insanı heyran edir. Eyni zamanda, insanlar gülərüz və qonaqpərvərdirlər. Formula 1 yarışlarında yalnız oğlum tamaşaçı qismində iştirak edəcək. Biz isə Azər­baycanla daha yaxından tanış olmaq üçün hər bir vasitədən istifadə edəcə­yik. Mayın 2-də evimizə qayıdacağıq”.

Olqa Silovanın oğlu Vladislav 10-cu sinif şagirdidir. Deyir ki, Formula 1 yarışlarına böyük marağı var. Elə va­lideynləri də məhz onun istəyinə görə Bakıya səfəri yarışla eyni vaxta salıblar. Şarl Leklerə azarkeşlik edir. Düşünür ki, “Ferrari” ən azı ilk üçlükdə yer alacaq. 

Formula 1 yarışlarını izləmək üçün Permdən gəlmiş Denis Sosnin və həyat yoldaşı da Bakıda olmaqdan məmnun­durlar. Denis Formula 1 yarışlarını Soçi­də canlı izlədiklərini deyir: “Soçidəki ya­rışı maraqla izlədik. Bakıdakı Formula 1 yarışını daha böyük həyəcanla gözləyi­rik. Bakı trası dünyanın ən sürətli şəhər trekidir. Onun özünəməxsusluğu və unikallığı mübarizəyə xüsusi rəng qatır. Formula 1 yarışlarını izləməklə yanaşı, Azərbaycanla yaxından tanış olmaq fürsəti əldə etdiyimiz üçün məmnunuq. “Dənizkənarı Milli Park”, “Fəvvarələr meydanı”, həmçinin bir çox parklarda olmuşuq. “Qız qalası” “Şirvanşahlar sarayı”, “Yeni bulvar” və digər görməli yerlərlə də mütləq tanış olacağıq. Həm­çinin Azərbaycanın regionlarına da eks­kursiyamız olacaq”. 

Şəhərimizin qonaqları arasında For­mula 1-i izləməyə gəlmiş qardaş Tür­kiyə vətəndaşı Berkay Şahan avtomo­bil yarışlarına böyük həvəs göstərdiyini bildirdi. Hataylı qonaq qeyd etdi ki, Bakı trasında Formula 1 yarışı özünəməx­susluğu ilə seçilir: “Tamaşaçılar sürp­rizlərlə dolu Bakı yarışını səbirsizliklə gözləyirlər. Düşünürəm ki, Azərbaycan­da keçirilən növbəti Formula 1 yarışı da bizə unudulmaz anlar bəxş edəcək”. 

Əminik ki, Formula 1 Azərbaycan Qran-Prisi də ölkəmizdə təşkil edilən digər nüfuzlu yarışlar kimi ən yüksək səviyyədə keçirilərək həm tamaşaçıla­rın, həm pilotların xatirəsində dərin iz qoyacaq. 

Leyla QURBANOVA,
Elçin ABBASOV,
“Xalq qəzeti”





İdman