“Xalq qəzeti” – Nəsimi Bələdiyyəsi: 5 – 3

post-img

Sağ olun, uşaqlar, siz fədakarlığınızla, prinsipiallığınızla, təəssübkeşliyinizlə, ən başlıcası, əsas məqsəd naminə birgə fəaliyyət göstərmək nümunənizlə futbolu mənə yenidən sevdirdiniz. Bundan əvvəlki oyun barədə qəzetimizdə geniş məlumat verildiyinə görə indi artıq bu yarışların məqsədi haqqında təfərrüata varmaq istəmirəm. Ancaq vurğulanmalıdır ki, qalib gəldiniz və tanınmış idman jurnalisti Oqtay Bayramovun proqnozlarının əlli faizini reallığa çevirdiniz. 

Yaşıma və səhhətimə görə bu oyuna azarkeşlik et­mək üçün stadiona getməyə bilərdim. Ancaq söhbət ulu öndərimizin 100 illiyi münasi­bətilə keçirilən yarışdan get­diyinə görə mütləq orada ol­malı idim. Oldum və gördüm ki, meydandakı komandaların hər ikisi bu yarışa ən ciddi, peşəkar heyətlər kimi məsu­liyyətlə yanaşıblar. 

Yeri gəlmişkən, “Bələdiy­yəçilər” də qələbəyə layiq oyun göstərdilər. Etiraf etmək lazımdır ki, komandaların peşəkarlığı, demək olar ki, eyni səviyyədə idi. Ancaq bi­zim komandanın əzmkarlığı sübut edirdi ki, qalib gələcə­yik və gəldik də.

Bu yarış həm də “Xalq qəzeti” redaksiyasında ötən ilin payızından bəri davam edən yeniləşmə və müasir­ləşmə proseslərinin, eləcə də mütəşəkkil fəaliyyət göstər­mək üçün atılan addımların nəticəsini göstərmək baxı­mından da vacib və önəmli idi. Bu dəfə redaksiyamızın təmsil olunduğu tədbirə ilk addımlarını atan “Xalq TV” də gəlmişdi. Oyunçularımız və bəzi azarkeşlər dedilər ki, ya­rışa öz televiziyamızın müşa­yiəti ilə gəlmək komandamız üçün düşərli oldu. 

Nəsimi Bələdiyyəsi ilə keçirilən yarış bizə onu da göstərdi ki, ümumi məqsəd naminə birgə fəaliyyət göstər­mək üçün hazırıq. “Oyunçula­rımızın” hamısı məhz koman­da naminə çalışdığına görə ad çəkmək istəmirdim. An­caq oyundan əvvəl, qızınma hərəkətləri zamanı “mənim qoruduğum” qapıya Rövşən Atakişiyev və Fuad Cəfərlinin vurduğu zərbələr (onlardan cəmi birini qaytara bildim) sübut edirdi ki, biz qalib gələ­cəyik. 

Baş redaktorumuzun, baş mühasibimizin və digər əməkdaşlarımızın həyəcan­la izlədiyi oyunda texniki di­rektorumuzun, məsul katibin müavininin, “XalqTV”nin ya­radıcısı və icraçısının da işti­rak etməsi sübut edirdi ki, biz bir amal uğrunda çarpışanda güclü oluruq. Bu keyfiyyət bi­zim nəsillərə ulu öndər Hey­dər Əliyevin tövsiyələrindən­dir. Komandamız sübut etdi ki, biz finala doğru qətiyyətlə addımlayacağıq. 

Afərin sizə, “uşaqlar”, əh­sən! Mən gənclik illərimdə futbolu çox sevmişdim və mü­dafiəçi kimi oynamışdım. İndi Əvəz Rüstəmovun vurduğu ilk qoldan sonra fikirləşdim ki, kaş o vaxt hücumçu olaydım. Çünki bizim dünənki qələbə­mizi məhz ilk qol təmin etdi. 

Təkrar edirəm, bu oyunla siz futbolu mənə yenidən sevdirdiniz, həmkarlar. Uğur olsun!

 

İttifaq MİRZƏBƏYLİ,
Elşən AĞALAR (foto), “Xalq qəzeti”







İdman