21 ildən sonra üçüncü qarşılaşma

post-img

Bu axşam Azərbaycan milli komandası futbol üzrə “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirəcək.  Yığmamız İsveç millisinin qonağı olacaq. “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək..

Qeyd edək ki, “F” qrupunun ilk turunda Azərbaycan millisi səfərdə Avstriyaya 1:4, İsveç isə doğma meydanda Belçikaya 0:3 hesabı ilə məğlub olub.

Yeri gəlmişkən, Solna şəhərində keçiriləcək İsveç- Azərbaycan oyununu fransalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi qadın referi Stefani Frappar olacaq. Ona həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bastyen Deşepi yerinə yetirəcək.

Qeyd edək ki, İsveç yığması ilə Azərbaycan millisi indiyədək cəmi iki dəfə qarşılaşıb. Bu qarşılaşmalar 2002-ci il dünya çempionatının seçmə mərhələsinə təsadüf edir. Həmin vaxt eyni qrupda yer alan Azərbaycan və İsveç yığmalarının hər iki oyununda isveçlilər qələbəyə sevinib. Rəqib Bakıdakı qarşılaşmada 1, Stokholmdakı matçda isə 3 qol vurub.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman